AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, din və ictimaiyyət xadimləri, 44 günlük vətən müharibəsində Gürcüstan əsilli şəhidlərin ailə üzvləri və Marneuli, Bolnisi, Dmanisi və Qardabani ziyalıları iştirak ediblər.
Əvvəlcə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Azərbaycan evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəlində yaranmış xaos nəticəsində Azərbaycan torpaqları Ermənistanın hərbi birləşmələri tərəfindən işğal edilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədəki xaos aradan qaldırılıb və atəşkəs əldə olunub. Bütün fəaliyyəti dövründə Ümummilli Lider münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin 30 il davam edən sülh danışıqları daim Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları tərəfindən uzadılıb, bu müddət ərzində müxtəlif təxribatlar törədilib.
Nəhayət 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Qısa müddət ərzində tarixi torpaqlarımız işğaldan azad edilib və Şuşa şəhərində Azərbaycan bayrağı ucaldılıb.
Səfiri Faiq Quliyev çıxışında deyib ki, Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir. Onun sözlərinə görə, Anım Günü gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunması və ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Səfir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar birinci və ikinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı müddətdə həmişə Azərbaycana mənəvi dəstək göstəriblər. Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidələrindən asılı olmayaraq Azərbaycanla həmrəylik nümayiş etdiriblər.
Diplomat qeyd edib ki, bu gün Gürcüstanın Suxumi şəhərinin süqutu günüdür, o Gürcüstan ərazi bötövlüyünün tezliklə bərpa olunacağına ümid etdiyini qeyd edib. Bildirib ki, Azərbaycan Gürcüstan dövlətinə etibar edir, inanır. Tbilisinin vasitəçiliyi ilə Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana təhvil verməsi, Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin, nazir müavinlərinin görüşlərinin Tbilisidə təşkil olunması bunu sübut edir. F.Quliyev onu da bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda 40-dan çox Gürcüstan əsilli azərbaycanlı şəhid olub. Azərbaycan dövləti onların adlarının əbədiləşdirir, onların ailələrinə daim diqqət və qayğı göstərilir.
Daha sonra Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxış edərək, vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə uzun illər işğal altında olan torpaqların azad olunmasını böyük tarixi nailiyyət kimi dəyərləndirib və Ağ Evdə baş tutan tədbirin bu zəfərin təntənəsi olduğunu xüsusi vurğulayıb.
Deputat, həmçinin Suxumi şəhərinin süqutu gününü xatırladaraq, bu tarixi hadisənin Gürcüstan xalqının yaddaşında dərin iz buraxdığını bildirdi. O, Gürcüstanın da ərazi bütövlüyünün tezliklə bərpa olunacağına inandığını və bu istiqamətdə beynəlxalq ictimaiyyətin ədalətli mövqe tutacağına ümid etdiyini ifadə edib.
Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova və şəhid Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova da çıxış edərək, şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim hörmətlə anıldığını bildirdilər. Onlar həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və ölkəmizin Gürcüstandakı səfirliyinə dərin təşəkkürlərini ifadə etdilər.
Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov, sabiq deputatlar Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov və başqaları çıxış edərək, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Qeyd olunub ki, bu zəfər yalnız torpaqlarımızın azad olunması ilə deyil, həm də milli birliyin, xalq-iqtidar həmrəyliyinin və şəhidlərimizin qəhrəmanlığının təntənəsi kimi tarixə həkk olunub.
Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin müəllifi olduğu “Zəfərə gedən yol” adlı səhnə əsəri məktəblilər tərəfindən nümayiş etdirilib.
Tamaşa Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda hazırlanıb. Məktəblilərin ifasında təqdim olunan bu səhnə əsəri tamaşaçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.
Tamaşada rol alan məktəblilərin əməyi xüsusi olaraq qiymətləndirilib və onların hər biri “Azərbaycan evi” tərəfindən təşəkkürnamələrlə təltif olunub.
Sonda şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb və onların ruhuna dualar oxunub.
AzVision.az