EN

Azərbaycan Prezidenti müharibədən əvvəl Ermənistana XƏBƏRDARLIQ EDİRDİ

Vətən müharibəsinin başlamasından 5 il ötür. 2020-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri cəbhəboyu davamlı təxribatlara əl atır, eyni zamanda Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tuturdular. Nəticədə, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 azyaşlı həlak oldu. Bu, Azərbaycanı adekvat tədbirlər görməyə vadar edirdi. Hətta Azərbaycan Prezidenti BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında dünya ictimaiyyətinin diqqətini erməni təxribatlarına, bu ölkənin təcavüzkar ritorikasına yönəltdi. Dövlət başçımız BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi. Bir daha BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra olunmaması gündəmə gəldi, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü elan edildi. Bununla belə, Ermənistan həyasızcasına təxribatlara ara vermirdi və 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu, Azərbaycanın ədalət uğrunda müharibəsi idi. Müharibəni şərtləndirən əsas amillərdən biri beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti idi. Belə ki, münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində işğalçı ilə işğala məruz qalmış tərəfə fərq qoymadan status-kvonun qorunmasına çalışırdı. Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və gec-tez torpaqlarımız işğaldan azad olunmalı idi. Bu barədə Azərbaycan Prezidenti bütün platformalarda Ermənistana və onun havadarlarına xəbərdarlıq edirdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində mədəniyyət paytaxtımız olan Şuşa başda olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxlu sayda strateji yüksəkliklər düşmən tapdağından azad edildi. Kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana təhvil verdi. Beləliklə, 44 gün davam edən və “Vətən müharibəsi” kimi tarixə düşən müharibə Şanlı Azərbaycan dövlətinin, xalqımızın və Ordumuzun gücünü göstərdi. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Bu savaş həm də xalq olaraq bizim birliyimizi nümayiş etdirdi. Bütün dünya azərbaycanlıları bir yumruq kimi Müzəffər Ali Baş Komandanın, Ordumuzun ətrafında sıx birləşdi və böyük qələbəni təmin etdi. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarının azad olunması ilə Azərbaycan Respublikasının suverenliyi tam təmin olundu. Prezident İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində əldə olunan tarixi qələbəni əbədiləşdirmək məqsədilə işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur. Müharibənin başa çatmasından dərhal sonra Azərbaycan sülh istiqamətində əməli işə başladı. Ermənistan dayanıqlı sülhdən yayınmağa çalışsa da, Azərbaycanın müəllifi olduğu sülh gündəliyi bu gün beynəlxalq səviyyədə dəstəklənir. Azərbaycanın əldə etdiyi böyük Zəfər, ölkəmizin yaratdığı yeni reallıqlar dünya birliyi tərəfindən qəbul olunur. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasından bəyan etdiyi kimi:

“Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.”

Chosen
13
news365.az

1Sources