EN

Körpə yanarsa nə etməli? DİQQƏT

Uşaqların dərisi çox həssasdır, buna görə də adi məişət əşyaları belə onlarda ciddi yanıq yarada bilər və vaxtında göstərilən ilkin yardım böyük əhəmiyyət daşıyır.

E-saglam.az xəbər verir ki, “Uşaq həkiminin qeydləri” adlı bloqunda pediatr Sergey Butriy evdə uşaqlar üçün təhlükəsiz mühitin necə qurulmalı olduğunu və əgər uşaq yanıq alıbsa, valideynlərin hansı addımları atmalı olduğunu izah edib.

Bir çox gündəlik məişət əşyaları – krandan gələn isti su, sobada bişən şorba dolu qazan, isti ütü və ya qaynamaqda olan çaydan – uşaqlarda yanıq səbəbi ola bilər. Körpələrin dərisi çox həssasdır, valideynin isti hiss etmədiyi bir toxunuş belə uşaqda ciddi yanıqlara səbəb ola bilər.

Əgər uşaq təsadüfən yansa, onu sakitləşdirməyə çalışmazdan əvvəl ilk növbədə düzgün ilkin yardım göstərmək lazımdır. Çünki böyüklərin dərhal verdiyi reaksiya yanıqların sağalmasını sürətləndirir, zədələnmiş dəri sahəsinin böyüməsinin və ağırlaşmasının qarşısını alır.

Yanıq zamanı ilkin yardım

İsti təsiri dayandırın – uşağı yanıq mənbəyindən uzaqlaşdırın.

Yanmış sahəni soyudun – dərhal ilıq (soyuq yox!) axar suyun altında 10–20 dəqiqə saxlayın. Buz və ya çox soyuq su istifadə etmək olmaz, çünki bu, dəriyə əlavə zərər verə bilər.

Dərini qoruyun – yanmış sahəni təmiz, yumşaq tənzif və ya steril sarğı ilə örtün.

Krem və yağ sürtməyin – xalq üsullarından (yağ, diş məcunu, yoqurt və s.) istifadə etmək təhlükəlidir, çünki infeksiya riskini artırır.

Ağrıya nəzarət edin – uşağın yaşına uyğun ağrıkəsici (paracetamol və ya ibuprofen) verilə bilər.

Həkimə müraciət edin – geniş sahəli, üzdə, əllərdə, cinsiyyət orqanlarında və ya dərin yanıqlarda mütləq təcili tibbi yardım çağırmaq lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
15
e-saglam.az

1Sources