"Euronews" telekanalı Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından reportaj hazırlayıb.
“İki sahil” xəbər verir ki, reportajda deyilir ki, dövlət başçısı BMT tribunasındakı çıxışında işğaldan azad edilmiş ərazilərdə bərpa işləri və enerji təhlükəsizliyi məsələlərinə toxunub, həmçinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, qarşılıqlı əlaqə və dayanıqlı inkişaf sahəsində qlobal rolunu vurğulayıb.
Prezident Ermənistanla 30 illik münaqişədən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və sülhün təmin edildiyini bildirib. O, Vaşinqtonda imzalanan sülh müqaviləsinin tarixi əhəmiyyətini qeyd edərək, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasının münaqişənin sonlandığını göstərdiyini qeyd edib.
O, sülhün əldə olunmasından sonra, Azərbaycan "Böyük Qayıdış" proqramı çərçivəsində 50 mindən çox məcburi köçkünün öz evlərinə qayıtdığını və işğaldan azad edilmiş ərazilərdə yeni infrastruktur layihələrinin həyata keçirildiyini deyib. Dövlət başçısı ərazilərin minalardan təmizlənməsi məsələsinin hələ də ciddi bir problem olduğunu əsas gətirərək beynəlxalq əməkdaşlığın vacibliyini söyləyib.
Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin 40%-ni bərpa olunan mənbələrdən təmin etməyi planlaşdırdığını və enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif ölkələrə təbii qaz ixrac etdiyini bildirib.
O, Azərbaycanın Şərq və Qərb arasında mühüm bir nəqliyyat dəhlizi olduğunu və "Rəqəmsal İpək Yolu" layihəsi ilə ölkənin regional İKT mərkəzinə çevrilməyi hədəflədiyini deyib. Belə ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2022-ci ildən indiyədək təxminən 90 % artıb. Dövlət başçısı daxili iqtisadiyyatla bağlı olaraq, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 % olduğunu, qeyri-neft sektorunun gücləndirildiyini, "Moody's" və "Fitch" kimi beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdığını qeyd edib.
Reportajda Azərbaycan Prezidentinin çıxışından Bakının regional sabitləşdirici və fəal qlobal tərəfdaş kimi rolunu əks etdirən məqamlara toxunulur.
"Azərbaycan 80-dən çox ölkəyə təbii fəlakətdən tutmuş COVID-19 yardım ləvazimatlarına qədər humanitar yardım göndərib", - telekanal qeyd edir.
Bununla yanaşı, materialda Prezident İlham Əliyevin BMT Baş katibi Antoniu Quterreş və dünya liderləri ilə görüşündə Ermənistanla əldə edilən sülhün regiondakı dinamikaları dəyişdirdiyini bəyan etməsi vurğulanır.
"Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra regionda sülh olmayıb. Lakin hazırda regionda sülh hökm sürür", – "Euronews" Prezidentin BMT Baş katibi ilə görüşdə söylədiyi sözlərdən sitat gətirib.
Reportaja bildirilir ki, dövlət başçısı çıxışında, həmçinin Azərbaycanın 2026-cı ildə Bakı şəhərində keçiriləcək BMT Şəhərsalma Forumunda müharibə sonrası şəhərsalma sahəsindəki təcrübələrini nümayiş etdirməyi planlaşdırdığını söyləyib.
Süjetin sonunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından yekun fikirlərə toxunulur:
"Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır.
Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq".