EN

Gendən-genə qohumluq – şair Nəsiminin müasir “züryətləri”

Demək olar ki, bütün saytlarda böyük şairimiz İmadəddin Nəsiminin qohumlarının Suriyadan vətənə gəldiyi, Şamaxıya getdikləri barədə xəbərlər var.

Bu xəbər məni də sevindirdi. Necə olsa da, ortada əcdadlara ehtiram, tarixi vətənə sevgi söhbət var.
Adam hətta Stalin-Suslov hökumətini növbəti dəfə yamanlayır ki, ey zalım və mənfur rejim, 70 il imkan verməməsiniz adamlar gəlib ulu babalarının vətənini ziyarət eləsin.

Ancaq məsələnin mahiyyətinə varanda, dərinliklərinə enəndə görürsən ki, burada nəsə başqa əmma var.
İlahiyyatçı Kənan Rövşənoğlu məsələyə münasibətini “İndiyə qohum qalar?” başlıqlı Feysbuk statusu ilə ortaya qoyub və şübhə etdiyini bildirib ki, həmin şəxslər hökumətimizdən pul qoparmaq üçün Nəsimiyə qohum çıxıblar.

“Pul qoparmaq” söhbətini deyə bilmərəm, amma “indiyə qohum qalmaz” söhbəti dəqiqdir.

İndi mən öz üzərimdə misallar çəkim, siz də öz şəcərəniz üzərində məsələni araşdırın.

Mən 100 il öncə yaşamış Şükür kişinin nəticəsiyəm. Övladım onun kötücəsidir. Nəvəm isə yadıcasıdır. Onun övladı isə iticə olacaq.

Demək, cəmi 120 ildə bir babanın nəslində ortaya iticə çıxır və artıq qohumluqdan əsər-əlamət qalmır, ya da çox az şey qalır.

Gəlin bir də məsələyə qan daşıyıcılığı üzərindən baxaq. Bəzən bəziləri qürurla deyirlər axı, biz filankəsin qanının daşıyıcılarıq.

O məsələ də belədir: oğul atanın qanının 50 faizini daşıyır. O biri 50 faiz anasındandır. Nəvəyə isə o “müqəddəs qan”dan 25 faiz düşür. Nəticə 12,5 faiz qanın və genin yiyəsidir. Kötücəyə düşən qan faizi 6,25-dir. Yadıca isə 3,12 ilə öyünə bilər. Bəs iticəyə nə qalır? 1,56 faiz.

Bu da o deməkdir ki, 100-120 il əvvəl yaşamış bir nəhəng kişinin, böyük sərkərdənin və ya Eynşteyn kimi alimin qanından onun 7-ci züryətinin damarlarında yalnız 0,78 faiz “super” qan axa bilər.

Gen daşıyıcılığı da bundan artıq ola bilməz. Çünki o nəhəng şəxsiyyətin genləri eynilə qanı kimi həndəsi silsilə üzrə (2, 4, 8, 16, 32, 64, 128) 100-dən artıq başqa adamların geni ilə qarışıb.

Yəni lap istəyirsən Napoleonun nəslindən ol, əgər onun 8-ci nəslindənsə, qana və genə görə sənin marşal olmaq şansın 0-ın altındadır. Ona görə də ola bilər ki, yefreytordan yuxarı rütbə görməyəsən.
Nəsimiyə qohumluğu çatmaq məsələsində isə söhbət 100-120 ildən yox, 650 ildən gedir.Cəmi 120 ildə bir adamın qanı 8-ci nəslində sıfırlanırsa, 38-ci nəsildə o qandan nə qalar? Deməli, Nəsiminin bu ortaya yeni çıxan qohumlarının qanında və genində minlərlə başqa adamın qanı-geni var və ən yaxşı halda, real söhbətdirsə, onlardan yalnız biri Nəsimidir.

Ona qalsa Nəsiminin müasiri olmuş Əmir Teymurun övladları da, nəvələri də, nəticələri də çox olub, hamısı da N qədər əyal (zövcə) alıb, amma müasir Özbəkistanda heç kəs konkret olaraq demir ki, mən Teymurun nəslindənəm. Hərçənd hamısı ümumi şəkildə əmirin nəvələri hesab edir. Bizdə də arada “şah babamız Xətai” söhbəti gedir, amma bu ictimai-siyasi söhbətdir.

Hətta bir qərbli alim hansısa metodika ilə hesablayıb ortaya qoymuşdu ki, müasir dünyada Çingiz xanın genlərini daşıyan 18 milyon adam var. Ola bilərmi? Ola bilər. Amma yuxarıda dediyimiz kimi o qan-gen nisbəti 0-la, hətta 0,000000-la başlayacaq.

Eyni söhbəti özünü “seyid” adlandıranlara da şamil etmək olar. Onlar da peyğəmbərin nəslindən olmaları ilə fəxr edirlər. Ərəbistanda belələri ya azdır, ya da yoxdur. Amma İran seyidxanadır, özü də onlarda bu söz iki Y ilə, “seyyid” kimi yazılır. Bu, xüsusi rütbəyə çevrilib artıq. Adam seyyidirsə, daha yüksək vəzifə tuta bilər və heç kəs onunla söz güləşdirməməlidir. Yoxsa adamın cəddi, bilirsən, adama nə edər?

Yeri gəlmişkən, “cədd” də “əcdad” deməkdir, 100 il, 1000 il əvvəl yaşamış əcdad müasir insanlara nə kimi mənfi təsir göstərə bilər, bunu gərək hansısa elm ciddi şəkildə araşdırsın.

Məsələnin elmi izahı, ictimai-siyasi mahiyyəti bundan ibarətdir. Bir halda ki, ölkəmizə gələn qonaqlar özlərini Nəsiminin qohumları hesab edirlər, qoy etsinlər. Amma bu, presedentə çevrilməsə yaxşıdır.

Sabah da Füzulinin qohumları İraqdan tökülüşüb ölkəmizə gəlsələr, ayaq altda qalacağıq.

 

Chosen
18
1
musavat.com

2Sources