EN

AŞPA-nın payız sessiyasında hansı məsələlər müzakirə olunacaq?

Strasburqda sentyabrın 29-dan oktyabrın 3-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası keçiriləcək. Sessiyanın gündəliyində bir sıra aktual mövzular yer alır.

Sessiyada Qəzza bölgəsində reportaj hazırlayan jurnalistlərin həyatının qorunması, eləcə də Rusiya Federasiyası tərəfindən əsir götürülmüş ukraynalı jurnalistlərin azadlığa buraxılması üçün səylərin gücləndirilməsi məsələləri müzakirə olunacaq. Bu mövzular ifadə azadlığının və insan hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Assambleya, həmçinin Ukrayna üçün Beynəlxalq tələblər Komissiyasının yaradılması üzrə Konvensiya layihəsi və audiovizual əsərlərin birgə istehsalı ilə bağlı yeni Avropa Şurası Konvensiyası layihəsi üzrə rəy qəbul edəcək.

Sessiyada, həmçinin bir sıra siyasi debatlar keçiriləcək. “Rusiya: Avropa demokratiyalarına yeni təhdidlər”, Serbiyada siyasi böhran, Rusiyanın demokratik qüvvələri, Gənclər hərəkatları və demokratiya, siyasi partiyalar və demokratiya kimi mövzular üzərində müzakirələr aparılacaq. Həmçinin Macarıstanın Avropa Şurasına üzvlük öhdəliklərinə riayət etməsi və Bolqarıstanla post-monitorinq dialoqu da gündəlikdə yer alır.

Sessiya çərçivəsində Malta prezidenti Miriam Spiteri Debono, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Maltanın xarici işlər və turizm naziri, Nazirlər Komitəsinin sədri İan Borq, Qazaxıstan Senatının sədri Maulen Aşimbayev kimi yüksək vəzifəli şəxslərin çıxışı gözlənilir.

Avropa Şurasının Baş katibi Alain Berset parlament üzvlərinin suallarını cavablandıracaq.

Sessiyada, həmçinin AŞPA-nın növbəti 5 il üçün Baş katibi seçiləcək. Sessiyada sosial və texnoloji mövzular da müzakirə olunacaq. Süni intellekt və miqrasiya, kişi və oğlanlara qarşı cinsi zorakılıq, yaşamaq hüququnun təminatı üçün analiz və tövsiyələr, ümumi tibbi sığortanın təşviqi kimi mövzular da sessiyanın gündəliyində öz əksini tapır.

Bu sessiya, Avropa qitəsində insan hüquqları, demokratiya və hüququn aliliyinə dair gündəmin formalaşmasında mühüm rol oynayacaq. İştirakçılar təkcə siyasi deyil, humanitar və sosial mövzular üzrə də ciddi qərarlar qəbul edəcəklər. (AZƏRTAC)

Chosen
25
4
xezerxeber.az

5Sources