EN

Rusiya neft hasilatı və daşınması üçün avadanlıq çatışmazlığı böyük problemə çevrilir

Sanksiyalar Rusiyanın müasir texnologiya və tankerlərə çıxışı məhdudlaşdırıb...

Poliqon xəbər verir ki, Rusiya xammal hasilatı və nəqli sahəsində ciddi çətinliklərlə üz-üzədir. The Wall Street Journal yazır ki, ölkədə yeni neft yataqlarının işlənməsi və xam neftin daşınması üçün tələb olunan yüksək ixtisaslaşmış avadanlıqların böyük hissəsi sanksiyalar səbəbindən əlçatmazdır.

Ekspertlərin qiymətləndirməsinə görə, Rusiyada geoloji süxurlardan və quyulardan gələn məlumatları analiz etmək üçün istifadə olunan ən müasir proqram təminatı mövcud deyil. Bu proqramlar neftin dəqiq yerləşməsini və hasilat üsullarını müəyyənləşdirmək baxımından həlledici rol oynayır. Üstəlik, bəzi şirkətlərin əvvəlki illərdə əldə etdiyi proqram təminatları 2022-ci ildən etibarən yenilənə bilmədiyi üçün istifadəyə yararsız hala düşüb.

Bundan başqa, Rusiya operatorlarının qazma qurğularında real vaxt rejimində məlumat ötürən xüsusi sensorlardan da ciddi çatışmazlığı var. Bu isə hasilat prosesində effektivliyi azaldır və texniki riskləri artırır.

Neft və qazın nəqlində də problemlər müşahidə olunur. Rusiyada Arktika nefti və qazını daşımağa qadir kifayət qədər buz sinifli tanker yoxdur. Qərbin ixrac məhdudiyyətləri nəticəsində ölkənin xarici istehsalçıların gəmilərinə, komponentlərinə və əsas texnologiyalarına çıxışı kəsilib. Asiyanın bir sıra gəmiqayırma zavodları, o cümlədən bu sahədə dünya liderlərindən biri olan Cənubi Koreya tersanələri Rusiya ilə bağlanmış müqavilələri ləğv edib. Yerli gəmiqayırma müəssisələri isə bu tələbatı qısa müddətdə qarşılamaqda acizdir.

Analitiklərin qənaətinə görə, bu məhdudiyyətlər Rusiyanın enerji sektorunu uzunmüddətli perspektivdə zəiflədə, hasilatın sabitliyini və ixrac imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

Poliqon.info

Chosen
18
poliqon.info

1Sources