II Fəxri xiyabanda Vətən müharibəsi şəhidi leytenant Şükürlü Elvin Azad oğlunun anım mərasimi keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai Rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi: “Zəfərimizə mənəvi məna verən isə 30 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu Qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.”
Sonra balacs fidanlar şəhid Elvinin xatirəsinə həsr olunmuş şeir səsləndirdilər.
Xalqımız bu Zəfəri bizə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbayan Ordusuna minnətdardır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səbinə Qorxmaz "İki sahil"