EN

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən bir sıra tədbirlər baş tutub.

AKTİ-dən AZƏRTAC-a bildirilib ki, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərləri və nümayəndələri Anım Günü ilə əlaqədar olaraq Zəfər parkını və memorial abidəni ziyarət ediblər, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini anıblar.

Silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və iştirakı ilə ağacəkmə aksiyası da baş tutub. 27 Sentyabr - Anım Gününə həsr edilmiş aksiyada Azərbaycan Könüllüləri tərəfindən Vətən müharibəsi şəhidlərinin xatirəsinə ithafən simvolik sayda - 2908 ədəd ağac əkilib. Bu rəqəm Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş 2908 igid övladını təmsil edib.

Eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Könüllü Qəhrəmanlar” adlı tədbir həyata keçirilib. Tədbirdə Azərbaycan Könüllüləri 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilər və hərbi ekspertlə görüşüblər. Qəhrəman qazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərdən söz açaraq, müharibə dövründə yaşadıqlarından, döyüş meydanında göstərdikləri fədakarlıq və igidliklərdən bəhs ediblər.

Ölkənin gənclər və könüllü təşkilatları Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı, həmçinin beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar. Sənəddə vurğulanıb ki, Prezident İlham Əliyevin dəmir iradəsi və xalqımızın birliyi sayəsində qazanılan tarixi Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam bərpa edib, xalqımızın yaddaşına qürur və şərəf səhifəsi kimi həkk olunub. Bəyanatda, həmçinin şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad olunaraq, Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər bölgələrinə qarşı həyata keçirdiyi raket hücumları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi pislənib. Azərbaycan gəncləri bu faciələrin heç vaxt unudulmayacağını bəyan edib, Qarabağın, həmçinin Şərqi Zəngəzurun azad olunmasının tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi kimi dəyərləndiriblər. Onlar özlərini Böyük Qayıdışa şahidlik edən, azad olunmuş şəhər və kəndlərə yeni nəfəs verən bir nəsil kimi xarakterizə edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən sülh gündəliyini tam dəstəklədiklərini, Vaşinqtonda paraflanmış Sülh Sazişinin isə Cənubi Qafqazda sabit və firavan gələcəyin müjdəçisi olduğunu bildiriblər.

Chosen
9
7
azertag.az

9Sources