Bu gündən etibarən Gəncə və daha 6 şəhərimiz, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına evə sahiblik edəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov Gəncə stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimində deyib.
O qeyd edib ki, on gün davam edən yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Kuveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək.
“Dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır.
Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə stadionunda açılışını etdiyimiz bu idman oyunları dostlu, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq. Ölkərimiz, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhvə verəcək", - deyə o bildirib.
S.Şərifov qeyd edib ki, Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir.
Azərbaycan müxtəlif illərdə ən möhtəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə, bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə - Birinci Avropa Oyunları, 2017-ci ildə - dördüncü İslam Həmrəklik oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir", - deyə o bildirib.
S.Şərifov vurğulayıb ki, III MDB Oyunlarıda bu baxımdan əlamətdar olacaq.
“Oyunların paytaxtı Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarda da güclü infrastrukturun, idmanın ikişafı üçün lazımi şəraitin yaradıldığını göstərir.
İri miqyaslı idman yarışlarının ölkə regionlarında təşkilinə göstərdiyi qayğı və verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı ifadə edirik", - deyə o bildirib.