EN

Küçə ticarəti bolluq deməkdi


Bakıda küçə ticarətinə basqılardan bəri piştaxtaların üzərinə qalaqlanan bol meyvə-tərəvəz, ağartı məhsulları, kənd nemətləri tədricən yoxa çıxmaqdadı. Küçə kənarlarında, metro çıxışlarında, bazarların yaxınlığında kənddən gətirilmiş meyvə-tərəvəz, pendir, bal, göy-göyərti satan kəndlilərin şəhərə yolu bağlanır.  

Küçə ticarəti niyə qadağan edilir? 
Rəsmi qurumlar bu məsələni şəhərdə səliqə-səhman yaratmaqla əsaslandırır. Halbuki küçə ticarəti heç də səliqəsizlik kimi görünmür, əksinə, bolluq, bərəkət yaradır. 
İkincisi, küçə ticarəti kəndlə şəhərin açıq təmasına səbəb olur. Rayonlardan paytaxta gələn kəndlilər öz məhsullarını alıcıya birbaşa təqdim edirlər. Bu, kəndlinin maddi imkanının artması, şəhər sakininin isə ucuz qiymətə təbii ərzaqlarla qidalanması deməkdi. Kənd məhsullarında süni parıltı, qablaşdırma oyunları olmadığına görə paket ərzaqlarla müqayisədə daha ucuz qiymətə təklif olunur. 
Küçə ticarətinin ləğvi çoxlu sayda sosial problemə yol açır. Belə ki, kənddə əkin-biçinlə məşğul olaraq məhsul yetişdirən, amma onu topdansatış bazarlarına ucuz qiymətə verib əziyyətinin dəyərini almayan kənd adamı üçün artıq  məhsul yetişdirmək cəlbedici olmur. Kənddə becərdiyi məhsulu iri şəhərlərə gətirib satmaq istəyən kəndli bu qadağaya görə faktiki olaraq, öz iş yerini itirmiş olur. Belə olan halda kənd təsərrüfatını necə dirçəldə bilərik? 
Bu məsələdə ən böyük problem isə ədalətsiz rəqabət mühitidi. Həqiqət budur ki, küçə ticarətinə qarşı aparılan kampaniyalar çox vaxt iri marketlərin marağından doğur. Onlar istəyir ki, alıcı kənd təsərrüfatı məhsullarını da marketdən alsın. Küçə ticarəti isə bu məqsədə maneə olur, çünki kəndli məhsulunu bazara özü çıxarır, heç kimin icarəsinə, qiymət diktəsinə möhtac olmaq istəmir.
Lakin görünən odur ki, bu siyasət yalnız böyük ticarətçilərə sərf edir. Çünki onlar kəndlini sıxışdırmaqla həm qiymətləri diktə etmək, həm də alıcını məcburi şəkildə öz obyektlərinə yönləndirmək istəyirlər. 
Unutmayaq ki, küçə ticarəti təkcə insanların dolanışıq məsələsi deyil, bu həm də sosial dinamikanı təmin edən reallıqdır. Küçə ticarətini sıxışdırmaq kəndlini qazanmaq imkanından məhrum etmək, şəhər sakinlərini isə monopolist bazarların ümidinə buraxmaq deməkdir.
Biz həqiqətən qayda-qanuna tabe olmaq istəyiriksə  onda küçə ticarəti qadağan etməməliyik. Əksinə, bu ticarətlə məşğul olmaq istəyənlərə münasib, səliqəli yerlər ayırmalı, icarə haqlarını azaltmalıyıq. Çünki kənd məhsulu və kəndçinin zəhməti təkcə bazarın deyil, bütöv bir xalqın sağlamlığının, iqtisadiyatının və gələcəyinin əsas sütunlarındandı.

Murad Köhnəqala


Chosen
4
1
nuh.az

2Sources