Abdurahman Khamidullayev Özbəkistan Respublikasının vətəndaşıdır. Hazırda Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter mühəndisliyi” ixtisasında 3-cü kursda təhsil alır.
"Unikal" xəbər verir ki, BMU-nu akademik və şəxsi inkişafında əvəzsiz rol oynayan ali məktəb kimi dəyərləndirən özbəkistanlı tələbə universitetdəki güclü akademik mühitin, təcrübə proqramları və müxtəlif layihələrin ona arzu etdiyi təhsili almağına imkan verdiyini deyir: “BMU-da müasir ixtisaslarda özünü inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Tələbələr yalnız nəzəri biliklər qazanmır, eyni zamanda müxtəlif proqramlar və layihələrdə iştirak edə bilirlər”.
Abdurahman Khamidullayev BMU-da əcnəbi tələbələrə göstərilən diqqətdən də razılıqla danışır: “Xarici tələbə kimi biz burada olduqca rahatıq. Özümüzü həqiqətən qardaş ölkədə, doğma evimizdə hiss edirik. Azərbaycan ilə Özbəkistan mədəniyyəti və insanları arasında çox oxşarlıqlar var. Ənənələrimiz türk xalqlarını birləşdirir. Sizin insanlar çox mehriban, şən və qonaqpərvərdirlər”.
BMU-nun əcnəbi tələbəsi universitetdəki gündəlik həyatını isə belə anladır: “Burada həyatım çox maraqlı keçir. Səhər dərslərə gedirəm. Tədris prosesində qazandığım bilikləri möhkəmləndirirəm. Sonra yataqxanaya qayıdıb nahar edirəm. Günün sonunda isə dostlarımla stolüstü tennis oynayır, oturub söhbət edir və ölkələrimiz haqqında danışırıq. Asudə vaxtlarımda Azərbaycanın tarixi məkanlarını, gözəl yerlərini gəzib görməyə çalışıram”.
BMU-da təhsil almağı hər bir xarici ölkə vətəndaşına tövsiyə edən özbəkistanlı tələbə bildirir ki, burada təhsil almaq yeni həyata başlamaq üçün gözəl təcrübə və fürsətdir: “Müəllimlər dərsləri çox aydın izah edirlər, tələbələr isə mehribandır və bir-birlərinə yeni keçilən mövzuları öyrənməkdə kömək edirlər. Bütövlükdə isə Azərbaycan təhsil sistemini yüksək dəyərləndirirəm”.
Abdurahmanın gələcəkdə magistratura təhsili almaq və s. hədəfləri var. İstəyir ki, BMU-nun magistratura proqramlarında təhsilinə davam etsin. Həmçinin Bakıdakı şirkətlərdə təcrübələrə başlamağı planlaşdırır. Ən böyük arzusu isə “Meta” şirkətində işləməkdir.