EN

Çaytikanı toxumlarının faydalı xüsusiyyətləri

Çiy və qovrulmuş çaytikanı toxumlarından alınan ekstraktlar tromb yaranmasında iştirak edən qan hüceyrələrinin (trombositlərin) aktivliyini azalda bilər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri Nutrients jurnalında dərc olunub.

Alimlərin laboratoriyada apardığı təcrübələr göstərib ki, xüsusilə qovrulmuş çaytikanı toxumu ekstraktı trombositlərin kollagen və fibrinogen adlı zülallara yapışmasını əngəlləyir. Həmin zülallar qanın laxtalanmasında mühüm rol oynayır.

Tədqiqatçılar bildiriblər ki, qanın laxtalanması orqanizmin zədələnmə zamanı qanaxmanı dayandırmaq üçün istifadə etdiyi təbii müdafiə mexanizmidir. Lakin bu prosesin həddindən artıq aktiv olması damarların tutulmasına, nəticədə isə insult və infarkt kimi həyati risklərə səbəb ola bilər.

Əsas təsir edən maddənin isə izoramnetin adlı flavonoid olduğu müəyyən edilib. Bu birləşmə trombositlərin aktivlik göstəricilərini azaltmaqla yanaşı, laxtalanma prosesinin müddətini də uzadır. Alimlər bunun tromboz riskinin qarşısını alma potensialına işarə etdiyini bildiriblər.

Tədqiqat laboratoriya mühitində aparılıb.

Mütəxəssislər çaytikanını təbii antiagregant mənbə kimi dəyərləndirsələr də, onun insan orqanizmində real təsirini və təhlükəsizliyini müəyyənləşdirmək üçün əlavə klinik sınaqlara ehtiyac olduğunu vurğulayıblar.

Mina Mikayılova

Chosen
3
2
bakivaxti.az

3Sources