Əvvəllər hesab olunurdu ki, kolorektal xərçəng əsasən yaşlı kişilərə xasdır. Amma son araşdırmalar göstərir ki, bu xəstəlik həm qadınlarda, həm də kişilərdə eyni tezliklə müşahidə olunur və 50 yaşadək insanlarda da getdikcə daha çox rast gəlinir. ABŞ-da aparılan geniş tədqiqat bu xəstəliyin inkişafında şirin qazlı və şəkərli içkilərin rolunu üzə çıxarıb.
E-saglam.az xəbər verir ki, New York Times-ın məlumatına görə, 1950-ci illərdə doğulanlarla müqayisədə 1990-cı illərin əvvəlində doğulan nəsildə yoğun bağırsaq xərçəngi riski iki dəfə, düz bağırsaq xərçəngi isə dörd dəfə yüksəkdir. Mütəxəssislər bunun səbəblərindən birinin 1977–2001-ci illərdə şəkərli içkilərin kəskin populyarlaşması ola biləcəyini bildiriblər.
1991–2015-ci illəri əhatə edən və 94 mindən çox tibb bacısının iştirak etdiyi uzunmüddətli araşdırmada alimlər 13–18 yaşlarında şəkərli içkiləri müntəzəm qəbul edən 41,2 min qadını ayrıca izləyiblər. Nəticədə müşahidə dövründə 109 iştirakçıda düz bağırsaq xərçəngi aşkarlanıb.
Gənclikdə gündə 2 və daha çox porsiya şəkərli içki qəbul edən qadınlarda xərçəng riski, belə içkiləri az içənlərlə müqayisədə, 2 dəfədən çox olub.
Hər əlavə porsiya bu riski 16% artırıb.
Ümumilikdə gündəlik şəkərli içki istifadəsi böyüklük dövründə kolorektal xərçəng riskini 32% artırıb.
Əvəzində, qəhvə və ya azyağlı süd içənlərdə bu risk 17–36% aşağı olub.
Bununla belə, tədqiqat yalnız əlaqəni qiymətləndirib. Şirin içkilərin xərçəng riskini dəqiq hansı mexanizmlə yüksəltdiyi hələ dəqiq məlum deyil. Alimlər ehtimal edirlər ki, bunda metabolik pozğunluqlar, insulinə davamlılıq və bağırsaqda iltihabi proseslər əsas rol oynaya bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az