EN

“Neftçi”də böyüdü, elə qarşılarını da təkbaşına kəsdi - Doqquz ilin “əjdaha”sı

Premyer Liqanın altıncı hesabat turunun sensasiyasına «Karvan» imza atdı.

Bakıda düz 95 dəqiqə «Neftçi»nin təzyiqinə tab gətirə bildilər.

İgidi öldür, amma haqqını ver. Kamran İbrahimova min dəfə afərin!

Karyerasının ən gözəl oyununu keçirdi o. «Neftçi»də yetişən, 9 il bu klubun formasını geyinən qapıçının hələ bu qədər inamlı çıxışını görməmişdim.

Heyrətləndirməyi bacardı məni.

Saysız-hesabsız qurtarışlar etdi, «ölü toplar»ı çıxartdı. Sanki div idi, əjdaha idi qapıda.

Kəsmişdi mağaranın ağzını, deyirdi, o topların birini də içəri buraxmaram.

Heç şübhəsiz, «Karvan»ın xal qazanmasının səbəbkarı odur. Məhz bu möhtəşəm çıxışına görə Kamranın əvvəlki dörd oyunda yol verdiyi bütün səhvləri keçərəm ona.

«Karvan» sözdə qapanmışdı müdafiəyə. Əməldə bu, yox idi.

Qapanan müdafiə bir belə səhvə yol verməzdi. «Neftçi» növbəti 10 oyuna çatacaq qədər qol fürsəti yaxaladı, yalnız Kamran tək canıyla qarşılarına sipər çəkdi.

Topu cərimə meydançası həndəvərindən uzaqlaşdırmaqdan, onu kor-koranə irəli vurmaqdan savayı heç bir iş görməyən qonaqlar 0:0-a görə nə mükafat-zad alacaqsa, gətirib hamısını Kamrana verməlidirlər.

O pul son qəpiyinə kimi İbrahimovun halalıdır!

ELXAN

Chosen
15
sportinfo.az

1Sources