EN

“Niyə belə tez-tələsik məni həbs etmək lazım idi?” – Bulvar İdarəsinin sabiq sədri məhkəmədə etiraz etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Mustafayev hakim qarşısında tək deyil, köməkçisi Rəşad Bədəlov və “Girasol” MMC-nin direktoru Fuad Babayev dayanır.

Bu gün, sentyabrın 29-da keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev ifadə verib. O verilən ittihamların heç birini qəbul etməyib. Hesab edib ki, ona qarşı qərəzli hərəkət edilir: “Lakin başa düşmürəm ki, hansı günahıma görə mənimlə bu cür davranırlar. Axı, mən öz işimi sədaqətlə, qanun və insani keyfiyyətlərimi rəhbər tutaraq görmüşəm. Əvvəla ondan başlayaq ki, Hesablama Palatası aktı mənə göstərmədən guya Bulvar İdarəsində 3,7 milyon mənimsəmə faktı tapır və Baş Prokurorluğa göndərir.

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə cinayət işi başlayandan sonra 6 iş günü ərzində məni həbs edir. Mən sual veririrəm: Niyə belə tez-tələsik məni həbs etmək lazım idi? Məgər istintaqa maraqlı deyildimi hər epizod üzrə mənim izahatım olsun, hər suala aydınlıq gətirim? Xırda bır oğurluq işində ən azı şübhəli şəxsi ətraflı dindirirlər, aktlarla, rəylərlə tanış edirlər, ziddiyyətli məqamlarda üzləşdirirlər, sonra bütün faktlar təsdiqini taparsa, həbs qərarı seçirlər.

Mən isə müstəntiqin 2-3 dəfə çağırmasından sonra həbs olundum. Səbəb çox sadədir. İstintaq orqanı bilirdi ki, verilən ittihamların heç biri mənə yapışmır və çox rahatlıqla sübut edəcəm ki, mənim heç bir günahım yoxdur. Mənə belə bir imkan verməmək üçün tez-tələsik həbs qərarı qəbul etdilər ki, absurd ittihamları mənə yapışdırmaq asan olsun. Axı, həbsdə olan şəxsin səsi eşidilmir... Sübuta yetirsəydim ki, heç bir günahım yoxdur, mənə şər-böhtan atan şəxslərin özləri cəzalanacaqdılar".

İlqar Mustafayevin sözlərinə görə, Hesablama Palatasının aktında ona qarşı iradlar yazılıb: "İradlardan bir neçəsini sadalayım. Aktın 23-cü səhifəsində bildirilir ki, Bakı Bulvar İdarəsi Azərsu ASC-dən suvarma və istifadə üçün su almaq əvəzinə dəniz suyunu duzsuzlaşdıraraq istifadə edə bilərdi və bununla da 800 min manata qənaət etmiş olardı. Bu, axı absurddur. Köhnə bulvar ərazisində 4 restoranın çırkab suları 1,8 kv nasosa quraşdırılıb və bununla da 2600 manat enerjiyə artıq pul xərclənib. Necə hesab edirsiniz, mən çirkab sularını bulvara axıdılmasına icazə verməliydim?"

Sabiq rəisin sözlərinə görə, Bulvar İdarəsində olan bir çox tikintilərə, iaşə obyektlərinin layihə-smeta sənədlərinin hazırlanmasına və ekspertizasına təxminən 91 000 manat pul xərclənib: "Bu da artıq xərcdir. Bildirirəm ki, bu xidməti göstərən müəssisə və təşkilatlarıdır, onların da qiymətləri rəsmən müəyyən edilir. Mən bunu necə dəyişib öz istədiyim qiyməti təyin edə bilərəm?

2016-cı ildən 2024-cü ilə qədər 8 il Bulvar İdarəsinə rəhbərlik etmişəm. İttiham aktına əsasən, onun ilk 2 ilində, yəni 2016-2018-cı illərdə 8 miliyon, qalan altı ildə isə 4 miliyon pul mənimsəmişəm. İttiham aktına inansaq, guya Bulvar İdarəsində fəaliyyət göstərən bütün attraksionlardan, ticarət köşklərindən və obyektlərdən yığılan pulları işçi və sahibkarlar idarənin əməkdaşlarına, onlar da yuxarı əməkdaşlara və son nəticədə mənə verirdilər və mən həmin pulları mənimsəyirdim.

Lakin nə hikmətdirsə heç kim ifadəsində qeyd etmir ki, mənə - İlqar Mustafayevə şəxsən pul verib. Bütün bu yazılanlar absurd və gülməli deyilmi? Hansı məmur yeni gəldiyi problemli idarədə ilk iki ildə 8 milyon, sonrakı 6 ildə 4 milyon mənimsəyər? Bütün bu mənimsəmə dövründə Bulvarda olan 1000 nəfərə yaxın insana da bunu açıq-aşkar elan edər, yaxud tapşırıq verər?

Birinci ittiham üzrə onu da qeyd edim ki, mən yeni təyin olunan zaman orada işləyən işçilərin heç birini işdən çıxarmadım, çörəyinə bais olmadım, iş fəaliyyəti necə qurulmuşdusa, elə də davam edirdi. Siz vergi sənədlərinə baxsanız görərsiniz ki, mənim rəhbərlik etdiyim dövrdə hər il bulvarın həm gəlirləri, həm də vergiləri artıb. Məgər mənimsəmək istəyən şəxs rəsmi vergi və gəlirləri artırar? Həmçinin görürsünüz ki, dövlət büdcəsindən ayrılan pullarla bağlı ittihamda bir cümlə də yoxdur".

İlqar Mustafayevin ifadəsinə görə, Bulvar İdarəsinin son 3 illik büdcəsi 40 miliyon manat olub və qəpiyinə qədər hesabatları aparılıb: "Bu isə bir daha onu sübut edir ki, mən düzgün və sədaqətlə işləmişəm. İstintaq birinci epizod üzrə belə qənaətə gəlib ki, attraksion və obyektlərdən gələn pulları kassirlər konkret işçilərə veriblər və bu da hansısa kserokopya kağızlarında yazılan yazılara əsaslanır. Yaxşı, istintaq belə bir qənatə gəlibsə, bunu mənə necə bağlamaq olar?

Əlbəttə, Bulvar hər gün fəaliyyət göstərən strateji bir yerdir və mən də rəhbər kimi tapşırıq vermişəm ki, hər kəs qanunla işləsin, mən öz müavinlərimə, onlar departament və şöbə rəhbərlərinə və ierarxiya üzrə bu qaydada nəzarət edilir. Mən şəxsən necə gedib kassa aparatının qarşısında dayanıb ona nəzarət edə bilərdim? Bu, fiziki olaraq mümkün deyil.

İkinci bir tərəfdən, əgər müəyyən normativlər pozulubsa, məsələn, hansısa kassir pulu idarəyə mədaxil edərkən rəsmiləşdirmə qaydası pozulubsa, bu o demək deyil ki, pullar mənimsənilib. Əgər Dənizkənarı Bulvar İdarəsində hər il görülən işlərə dair hesabata nəzər salsanız, görəcəksiniz ki, nə qədər işlər görülüb, nə qədər qənaət edilib.
Təkcə birinci epizod üzrə 20-yə yaxın şahid qismində insan dindirilib. Onlardan biri də ifadəsində deməyib ki, mən İlqar Mustafayevə pul vermişəm, yaxud onun kimdənsə pul tələb etdiyinin şahidi olmuşam. Bu necə mənimsəmədir ki, bir nəfər mənim əleyhimə şahidlik etmir, nə video var, nəsəs yazısı, nə də rəsmi sənəd, amma günahkar mən oluram!"

İlqar Mustafayev popkorn köşkləri ilə bağlı 380 313 manat mənimsəmədən danışıb: "İstintaq bununla bağlı yeganə sübut kimi Abbasov Tohid Fazil oğlu adlı şəxsin ifadəsini əsas gətirib. İndi həmin ifadənin qısa məzmuna baxın və özünüz şahidi olacaqsınız ki, nə qədər gülünc və absurd ittihamdır. Tohid Abbasov ifadə verir ki, 2000-ci ildən işləyir və mən 2016-cı ildə gələn kimi onu Bulvardan kənarlaşdırmışam. O da 6 ay sonra mənimlə görüşüb və guya mən demişəm ki, sən get öz VÖEN-inlə işlə, mən sənə maaş verəcəyəm, əvəzində bütün gəlirləri də səndən alacağam. Belə qeyri-peşəkar sübut olar? Mənim əgər belə bir niyyətim varsa, nə üçün tanımadığım, hətta Bulvardan kənarlaşdırdığım və mənə düşmən olan birisi ilə belə bir danışığa gedim? Bir daha bildirirəm ki, bu ittihamlar yalandır".

Təqsirləndirilən şəxs daha sonra gül və kol bitkilərinə ayrılmış pulların mənimsənilməsəsi epizodundan söz açıb: "Bu ittihama görə guya mən Bulvar İdarəsinin istixanası ola-ola "Girasol" MMC-dən 175672 manat dəyərində gül almaq adı ilə pulları mənimsəmişəm. Bu da cox absurd və gülməli ittihamdır. Əvvəla Bulvar İdarəsində istixananı 2020-ci ildə mən yaratmışam ki, kənardan gül alışının nisbətən azaldaq. Əgər mən "Girasol" MMC vasitəsilə gul satşı adı ilə pul mənimsəmək istəsəydim, nə üçün istixana yaradırdım, elə kənardan gül almağa davam edərdim.

İkincisi, yəqin müstəntiq həmin istixanada olmayıb, çünki oraya baxış keçirsəydi, görərdi ki, adı istixana olan həmin yerdə qaz və qazanxana olmadığı üçün orada bütün ilboyu və bütün bulvara yetəcək qədər gül yetişdirmək mümkün deyil. Mən isə bütovlükdə 215 hektar sahəsi olan Bulvara rəhbərlik edirəm və yol verə bilmərəm ki, hansısa aylar Bulvarda güllər olsun, hansısa aylar olmasın.

Üçüncüsü, "Girasol" MMC ilə birlikdə pul mənimsəmək istəsəm nə üçün elə cəmi bir il, yəni 2021-ci ildə bu işi görürdüm, elə hər il bu sxem üzrə işləyərdim. Ona görə də bildirirəm ki, bu ittiham da tam əsassızdır".

İlqar Mustafayev deyib ki, vergidən yayınmaqla bağlı məsələ isə tamamilə qaranlıq qalır: "Vergi Xidməti belə hesab edir ki, istintaq mənə 12 milyoluq mənimsəmədə ittiham edirsə, həmin mənimsədən vergi verilməli idi. Bu, tamamilə absurddur.

Birincisi ona görə ki, mənim təqsirim hələ məhkəmədə sübut olunmayıb. İkincisi, Vergi Xidməti cinayət işinin materialları ilə də tanış deyil. Çünki mənə elan olunmuş ittihamlarda göstərilən məbləğlər üzrə vergilərin əksəriyyəti ödənilib. Digər tərəfdən, Vergi yoxlamasının tərəfi mən İlqar Mustafayev yox, Dənizkənarı Bulvar İdarəsidir. Mən özüm şəxsən sahibkar deyiləm".

Daha sonra təqsirləndirilən şəxsin vəkili İsmayıl Kəngərli vəsatət verib. O, Dəniz Kənarı Bulvar İdarəsindən bəzi hesabatların əldə olunması üçün sorğu verilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub. Proses oktyabrın 20-də davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
19
1
musavat.com

10Sources