EN

Adnan Əhmədzadə 100 minlər bahasına Messini Bakıya niyə gətirmişdi?...


Aydın Xan Əbilov: “Əhmədzadə öz piarını aparmaq üçün Messi və digər dünyaca tanınmış simaları ölkəyə gətirib”

Məlum olduğu kimi, SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub. Onun Azərbaycan dövlətinə 2 milyard dollardan çox zərər vurduğu iddia olunur.A.Əhmədzadənin həbsi onun ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır.

Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Əhmədzadə daha çox ifrat dərəcədə dəbdəbəli həyatı, dünya futbol ulduzlarını fantastik məbləğlərlə Azərbaycana gətirməsi ilə yadda qalıb. Xatırladaq ki, bir müddət öncə Adnan Əhmədzadə dostluq münasibəti adı altında ulduz futbolçu Lionel Messini ölkəmizə gətirmişdi. O, tək Messini deyil, digər ulduz futbolçular - Luis Suares, Serxio Buskets və Xordi Albanı da Bakıya gətirib. Məlumata görə, bu futbolçuların ölkəmizə gətirilməsinə təxminən 3 milyon avro vəsait xərclənib.

Adnan Əhmədzadənin futbol sevdası bununla bitmir, o, futbol dünyasının əfsanəsi Ronaldinyonun gəlişinə də pul xərcləyib. "Barselona" ilə münasibətlərində də bu məqam rol oynayıb. Əhmədzadə şəxsi münasibətləri hesabına dostlarının övladlarını İspaniya nəhənginə sırımağa müvəffəq olub. Yəqin ki, bu münasibətlərin qurulmasında oğurladığı pullar böyük rol oynayıb.

Maraqlıdır, Əhmədzadənin dünya futbol ulduzlarını ölkəmizə gətirməkdə pərdəarxası niyyəti nə olub?

“Bununla o, “baxın görün mən kimlərlə dostam, kimlərlə oturub-dururam, ölkəyə gətirirəm” demək istəyib”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi,Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər bir əmələ görə insanlar cavab verir. Qanunu pozan hər bir vətəndaş haqqında aidiyyəti qurumlar lazımi ölçü götürür: “Adnan Əhmədzadə ilə bağlı ilkin rəylər açıqlanıb. Onun haqqında səslənən ittihamlar durduğu yerdə üzə çıxmayıb. Bu kimi insanlar öz qara işlərini sığortalamaq üçün dünyaca tanınmış xarici futbolçuları, məşhur müğənniləri, simaları Azərbaycana dəvət edib, cəmiyyətə təqdim edirlər. Məlumdur ki, tanınmış futbolçuları ölkəmizə özünü xeyriyyəçi kimi təqdim edən Adnan Əhmədzadə gətirib. Əhmədzadə öz piarını aparmaq üçün bu maraqlı detaldan istifadə edib. Məlumdur ki, futbol ən çox tanınan, azerkeşi olan, geniş kütlələrin sevə-sevə baxdığı idman növüdür. Eyni zamanda, futbol infrastrukturu dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri sayılır. Əhmədzadə məşhur futbol klublarını maliyyələşdirməklə və ya tanınmış futbol ulduzlarını ölkəmizə gətirməklə öz reklamını aparıb. Bununla o, “baxın görün mən kimlərlə dostam, kimlərlə oturub-dururam, ölkəyə gətirirəm” demək istəyib. O belə şəxsləri ölkəyə gətirməklə dividend qazandığını düşünüb. Istənilən halda, məqsəd qaranlıqdırsa, niyyəti aydın deyilsə, o şəxs bilməli idi ki, əvvəl-axır atdığı addımlara görə cavab verməli olacaq. Kimliyindən, qazandığı pulun məbləğindən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı çıxan şəxslər unutmamalıdır ki, hər şey dövlətin nəzarəti altındadır. Qanuna qarşı çıxanların sonu Əhmədzadə kimi olur”.

Günel CƏLİLOVA

Chosen
51
baki-xeber.com

1Sources