EN

Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında - Sənədlər imzalandı

Sentyabrın 29-da Belarus Respublikasının paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Publika.az-a bildirilib ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclasda iştirak edib.

Məhdud tərkibdə iclasda çıxış edən Baş nazir MDB çərçivəsində müxtəlif səviyyələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycan hökumətinin başçısı humanitar əlaqələrin, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O əlavə edib ki, iclasda 2026-cı ildə “Sağlamlığın qorunması İli”nə hazırlıq və onun keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kontekstdə tibb işçilərinin ixtisasının artırılması və səhiyyə sisteminə innovativ texnologiyaların tətbiqi prioritet məsələlərdəndir.

Ə.Əsədov sağlam və dayanıqlı cəmiyyətin yaradılmasında idmanın rolunu xüsusi vurğulayıb. O deyib: “Təsadüfi deyil ki, MDB çərçivəsində müxtəlif idman tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır, əməkdaşlığın mühüm sahəsi kimi çıxış edir”.

Baş nazir bununla bağlı sentyabrın 28-də Azərbaycanın Gəncə şəhərində III MDB Oyunlarının açılmasını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Ümumilikdə 23 idman növü üzrə 1600-dən çox idmançının mübarizə aparacağı belə böyük idman tədbirinin ilk dəfə olaraq ölkənin regionlarında (7 şəhərdə - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Yevlaxda) keçirildiyini vurğulayan Ə.Əsədov III MDB Oyunlarının dostluğu, idman ruhunu gücləndirəcəyinə, həmçinin idman sənayesini və mədəniyyətini inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi-ticari əlaqələrinin inkişafına toxunan Ə.Əsədov cari ilin 8 ayında qarşılıqlı ticarət həcminin 21 faizdən çox artdığını bildirib.

Chosen
19
21
publika.az

10Sources