EN

Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Far.Az-ə verilən məlumata görə, Azərbaycanın Baş Naziri Əli Əsədov iclasda iştirak edib.

Məhdud tərkibdə iclasda çıxış edən Baş nazir MDB çərçivəsində müxtəlif səviyyələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycan hökumətinin başçısı humanitar əlaqələrin, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

O əlavə edib ki, iclasda 2026-cı ildə "Sağlamlığın qorunması İli"nə hazırlıq və onun keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi nəzərdə tutulub:

"Bu kontekstdə tibb işçilərinin ixtisasının artırılması və səhiyyə sisteminə innovativ texnologiyaların tətbiqi prioritet məsələlərdəndir".

Ə.Əsədov sağlam və dayanıqlı cəmiyyətin yaradılmasında idmanın rolunu xüsusi vurğulayıb.

Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi-ticari əlaqələrinin inkişafına toxunan Ə.Əsədov bu ilin 8 ayında qarşılıqlı ticarət həcminin 21 faizdən çox artdığını bildirib.

Baş nazir beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsində müasir nəqliyyat və logistika infrastrukturunun əsas rolunu qeyd edib.

Ə.Əsədov onu da əlavə edib ki, regionda yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzərində aktiv işlərə başlanılır.

Çıxışının sonunda Baş nazir MDB-nin bütün üzv dövlətləri ilə konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra hökumət başçıları geniş tərkibdə görüşü davam etdirib, onun yekunlarına dair bir sıra sənədlər imzalanıb.

Chosen
30
13
far.az

10Sources