Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər.