EN

“Valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışlarının vahidləşdirilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub  

Sentyabrın 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitə sədri Hicran Hüseynova gündəlikdə bir məsələnin olduğunu bildirib.

Sonra gündəlikdəki məsələ - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik olunması haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verilib.

Komitə sədri qanun layihəsindəki dəyişikliyin “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışlarının vahid və sistemli istifadəsi ilə bağlı olduğunu bildirib. Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi fərqli anlayışların aradan qaldırılaraq uşaq hüquqlarının daha da təkmilləşdirilməsidir.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanunvericilikdə anlayışların vahid formada tətbiqinin uşaqların hüquqlarının daha dəqiq müdafiəsinə və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini söyləyib. O vurğulayıb ki, bu dəyişikliklər, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyətində vahid yanaşmanın təmininə və uşaqlara göstərilən sosial xidmətlərin daha səmərəli təşkilinə şərait yaradacaq.

Müzakirələrdə digər çıxış edənlər məsələ ilə bağlı fikir və təkliflərini bildiriblər.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

8Sources