EN

AFFA əsas milli ilə bağlı qərarını verdi! -Bəs gənclər millimizin taleyi necə olacaq?

Nəhayət, uzun aradan sonra Azərbaycan millisinin baş məşqçi postu yerli mütəxəssisə tapşırılacaq.

Ayxan Abbasov bundan sonra böyük ölçüdə ölkənin bir nömrəli komandasında işləyəcək.

İnandığımız adam, gözlədiyimiz qərardır.

Buna görə federasiya mənsublarına yalnız alqış düşür.

İndi gələk 21 yaşadək gənclər millimizə...

44 yaşlı mütəxəssisin yeni təyinatı bizi sevindirdiyə qədər, hazırkı iş yerindən ayrılması da bir o qədər üzücüdür.

O baxımdan ki, burada qısa müddətdə yaxşı işlər qurmağa başlamışdı.

Uzun aradan sonra gənclərimizdə qələbəyə, gələcəyə inam, ən əsası düşərgədə dəmir nizam-intizam formalaşırdı. Bunu havadan-sudan demirik. Mətbəxin içindən gələn informasiyalardır.

Abbasovun gedişindən sonra gənclər yığmasının sükanı boşalmış olacaq.

Əsas milli qədər, bəlkə də daha çox məhz gənclər millimizin baş məşqçi postu çox önəmlidir.

Artıq indidən bəzi adlar mətbuatda danışılır. Arasında hardasa bir məşqçi bacarığını görmədiklərimiz belə var. Qəti bu şeylərə getmək olmaz.

Abbasovun işi yarımçıq qalmalı deyil, qaldığı yerdən davam etdirilməlidir.

Fernandu Santuşun istefasından sonra bildirmişdim ki, yaxınlıqda Ayxan Abbasov kimi bacarıqlı biri varsa, çox düşünməyə, uzağa getməyə, yeni namizədlər axtarmağa ehtiyac yoxdur.

İndi də U-21 yığması ilə bağlı oxşar vəziyyətdir.

Yaxınlıqda Aqil Nəbiyev kimi biri var.

Aşağı yaş qruplarında son illər uğurlu işlər görür.

Məğlubiyyətlərə alışan yeniyetmələrə qələbə ruhunu hopdura bilib.

Mətbuat, mütəxəssislər onun barəsində ancaq xoş sözlər danışır.

Elə AFFA rəhbərliyinin də Nəbiyevə güvəni tamdır.

Belə olmasaydı, eyni anda 3 millini U-15, U-16, U-17 yaş qruplarını 43 yaşlı çalışdırıcıya tapşırmazdı.

Aşağıda yaxşı işlər görənin mükafatı bir üst pilləyə çıxmasına yol açmaq olmalıdır.

Nəzərə alaq ki, Nəbiyevin başqa üstünlükləri də var.

Hazırda gənclər millisində olan uşaqlarla uzun müddət bir yerdə olub, onları çox yaxından tanıyır.

Bundan başqa Ayxan Abbasov U-21 millimizin başında olanda bir gəmidə yol gediblər

Bir-birinin iş metoduna, nə istədiyinə yaxşı bələddirlər.

Bundan sonra eyni bağı əsas milli ilə gənclər millimiz arasında qurmaq olar.

Bir sözlə, gənclər millimiz üçün hazır kadr elə AFFA-nın öz qapısında, öz əlindədir.

Nə çox uzağa getmək, nə də başqa namizədlər barədə düşünməyə ehtiyac yoxdur.

XANOĞLAN İMANOV

Chosen
21
sportinfo.az

1Sources