EN

Xalq arasında nifaq salan və bunun nəticəsində ölən - Tuti bəyim

Qaraqoyunlu dövləti Şərqi Anadoludan başlayaraq Cənubi Qafqaz, Azərbaycan, Ərəb İraqı və Qərbi İranı əhatə edən, əsasən Oğuz türklərinin Baharlı boyundan yaranan bir türkman dövlətidir. Qara Yusif (Abu Nəsr Qara Yusif ibn Məhəmməd Barani) Qaraqoyunlu dövlətinin ən parlaq və qüdrətli hökmdarıdır. O, dövlətin Teymurilərə qarşı mübarizədə möhkəmlənməsində və genişlənməsində həlledici rol oynamışdır.
Baharlı tayfası Qaraqoyunlu dövlətinin yaradıcı qüvvəsi idi. Dövlətin bütün hökmdarları, o cümlədən Qara Məhəmməd və onun oğlu Qara Yusif bu tayfadan çıxmışdır.
Qara Yusifin adları dəqiq bilinən və dövlət idarəçiliyində birbaşa iştirak edən qızları olmasa da, onun qızları Qaraqoyunlu sülaləsinin xarici siyasətində mühüm vasitəçi rolunu oynamış və bu evliliklər sülh şərtlərini möhkəmləndirməyə kömək etmişdir.
Qara Yufisin Tuti bəyim adlı qızı da olub.
Qara Yusifin qızı Tuti Bəyim hələ gənc yaşlarından sarayın gözəlliyi və zəkası ilə tanınmışdı. Onun adı qızıl kimi parlayır, sözləri bir çox tayfa başçısının ürəyini ovsunlayırdı. Amma bu cazibə və nüfuz həm də böyük nifaqın başlanğıcı oldu.
Sarayda hər kəs onun hansı tərəfi tutacağını izləyirdi. Bir şahzadənin tərəfini saxlayanda digərləri incik düşür, bir tayfanın yanında duranda başqa tayfalar qəzəblənirdi. Beləcə, Tuti Bəyimin hər addımı ətrafında sükut yox, sanki gizli qəzəb fırtınası yaradırdı.
Onun evlilikləri də siyasi idi. Bir qohumluq əlaqəsi qurmaqla gücünü artırır, digərini isə qəzəbləndirirdi. Sarayda söz-söhbət gəzirdi:
"Tuti Bəyim gözəlliyi ilə könülləri alır, amma qəlblərə nifaq salır."
Sarayda onun adı “fitnəkar” kimi çəkilirdi – çünki evlilikləri və gizli ittifaqları nəticəsində müxtəlif qruplar arasında düşmənçilik dərinləşirdi. Ərə gedirdi və sonra öz səhvinə görə ailəsi dağılırdı və birinci ərinin qisasını onun tayfasından almağa başlayırdı. Sonra yenə ərə gedirdi, boşanırdı, o ərinə də qarşı nifrət göstərib onun tayfası barədə fitnələr qururdu.
Zaman keçdikcə düşmənləri çoxaldı. Onu dəstəkləyənlər geri çəkildi, əleyhdarları isə birləşib üstün gəldi. O kiçik oyunlar hesab etdiyi intriqaların, əslində, böyük tufan doğurduğunu gec anladı.
Bir gün sarayın qapıları onun üzünə bağlandı. Dünən dost dedikləri artıq düşmən kəsilmişdi. Qara Yusifin qızı, Qaraqoyunluların şahzadəsi Tuti Bəyim indi yalnız idi.
Onun həyatına dair məlumatlar əsasən yazılı mənbələrə əsaslanır və bu mənbələrdə onun ölümünə dair konkret detallar verilmir. Rəvayətlər isə aşağıdakı kimi məlumatı verir:
"Nəhayət, o da saray oyunlarının qurbanı oldu. Ardıcıl səhvləri, çıxışları, oyunları onun ətrafında olanların qorxuya salırdı. Xalq arasında onun haqqında yayılan mənfi rəvayətlər ətrafında olan insanların bir bir ondan uzaq durmasına səbəb oldu və nəhayət elə öz yaxınları onu özləri qətl edirlər. Bir neçə gün meyiti ortada qalan Tuti bəyim kimsəsizlərə aid məzarlıqda dəfn edildi və tarixdən adı və işləri silindi"
O, saray intriqalarında iştirak edir, tayfa başçıları arasında diplomatik oyunlar qururdu. Lakin bu nüfuz və oyunların arxasında, onun qəlbində həm də qorxu və ehtiyat vardı — çünki sarayda hər addım ölümcül risk daşıyırdı.
Tarixi rəvayətlərin dediyinə görə, Tuti Bəyimin sonunu intriqaları və nifaqın dərinliyi hazırladı — nəticədə o, öz yaratdığı fitnələrin qurbanı oldu.
Azərbaycan tarixində qadınların adını açıq-aşkar “xalq arasında nifaq salan və bunun nəticəsində ölən” kimi göstərən mənbələr çox azdır. Çünki bizdə qadınlar daha çox diplomat, analıq edən, barışdırıcı obraz kimi qələmə verilib. Amma bəzi hallarda onların yaratdığı intriqalar sonradan özlərinə qarşı dönüb. Bu gün də belələri var, tarixdə də belələri olub. Lakin sonradan onlar öz hikkə və nifrətlərində boğulub ölüblər. Tarix belələrini öz tozlu səhifələrində saxlayıb, hətta onları mənfi rəvayət obrazı kimi qalmasına da şərait yaradıb. Lakin nə məzarları, nə də şəxsiyyətləri tarixdə qalmayıb.
Zaur Əliyev, tarixçi
Chosen
13
news365.az

1Sources