Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib ki, sentyabrın 30-u axşam saatlarından etibarən Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi bölgələrdə leysan yağışların, şimşəyin və güclü küləyin müşahidə olunacağı gözlənilir.
Yağıntılar nəticəsində dağ çaylarında qısamüddətli sel və daşqınlar baş verə bilər.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək güclü külək və ildırım zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Qurum vətəndaşlara müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və hündür ağaclardan uzaq durmağı tövsiyə edib.
Nazirlik, həmçinin, küləkli hava şəraitində yanğın təhlükəsizliyinə riayət olunmasının vacibliyini vurğulayıb.
İldırım zamanı isə elektrik cihazlarının şəbəkədən ayırılması, telefonla danışılmaması, açıq sahələrdə metal konstruksiyalardan və yüksək obyektlərdən uzaq durulması tövsiyə edilir.