EN

Paşinyan Zəngəzur dəhlizinə qarşı çıxırsa...

Ermənistan “Tramp marşrutu” ilə bağlı öhdəliyini unutmamalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Prezident İlham Əliyev tərəfindən dilə gətirilən “Zəngəzur dəhlizi” ifadəsinə öz aləmində “ilişib”. Nikol bildirib ki, hay düşüncəsinə görə, bu ifadə Ermənistana qarşı ərazi iddiasıdır. Yazımızda baş nazirin dedikləri ilə bağlı bir sıra məqamları vurğulayacaq, son günlər Paşinyanın artıq ikinci dəfədir “Zəngəzur dəhlizi” ifadəsi ilə bağlı əks-reaksiyasının motivlərinə diqqət yetirəcəyik.

* * *

Əvvəla, onu deyək ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi və ya “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi səslənən ifadələr Azərbaycanın, ümumən, hər bir azərbaycanlının, eyni zamanda, beynəlxalq ictimaiyyətin baxışlarında Zəngəzur dəhlizidir. O dəhliz ki, özündə ölkəmizin digər ərazilərini ayrılmaz bölgəmiz olan Naxçıvanla birləşdirmək mahiyyətini daşıyır.

44 günlük müharibəyə son qoyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat artıq, demək olar, qüvvəsini tam itirib. Sənəd, faktiki olaraq, qeyri-işlək durumdadır. Bəyanatı əhəmiyyətsiz sənədə çevirən Ermənistan oldu. Rəsmi İrəvan onun bir çox müddəalarını heçə saydı. Ən başlıcası isə erməni iqtidarı uzun müddət Naxçıvana maneəsiz yol vermək istəmədi. Halbuki, üçtərəfli Bəyanatın 9-cu bəndində bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

* * *

Bəli, Ermənistan uzun müddət üçtərəfli Bəyanatın sırf 9-cu bəndi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədi. Ölkənin baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi” ideyasını ortaya atdı. Həmin ideyaya görə, regional kommunikasiyaların açılmasında Naxçıvana yol əhəmiyyətsizləşdirildi. Məsələn, Nikol elə bu ilin əvvəlində sözügedən ideya çərçivəsində Laçın-Kornidzor-Marqara marşrutunu təklif etdi. Yəni Azərbaycandan hərəkət edən yük avtomobilləri ölkəmizin Laçının rayonundan Ermənistanın Kornidzoruna daxil olacaq, oradan isə Türkiyə ilə sərhəddəki Marqaraya yollanacaq. Nikol, hətta mövzuya dair gülünc fikir də səsləndirdi. Təxminən belə: əgər yük avtomobillərinin azərbaycanlı sürücüləri Ermənistan ərazisində özlərini təhlükəsiz şəraitdə hiss etməyəcəklərsə, onları türkiyəli həmkarları əvəzləyə bilər.

Paşinyanın “Dünyanın kəsişməsi”ndəki digər aspekt Mehri-Yerasx dəmir yolu bağlantısı idi. Onun dediyinə görə, Ermənistanın Mehrisindən Azərbaycanın Naxçıvanına daxil olan yük qatarları oradan yenidən Ermənistan ərazisi Yerasxa yetişməlidirlər. Mövcud trayektoriyada Azərbaycanın digər ərazilərinin Naxçıvanla birləşməsi ən son planda idi. Daha doğrusu, Paşinyan, bir növ, şərt qoyurdu - Naxçıvana yol maneəsizdirsə, Mehridən Yerasxa yol da elə olmalıdır.

Beləliklə, Laçın-Kornidzor-Marqara marşrutu üzərində dayanan Paşinyan dəmir yolu əlaqəsini avtomobil yolu əlaqəsindən ayrı tutmağa çalışır, regional kommunikasiyaların açılması ideyanı sözün hər iki mənasında dağa-daşa salırdı. Nəzərə alaq ki, Laçın-Kornidzor-Marqara marşrutu əsasən dağ massivlərindən ibarətdir və əlverişsizdir. Naxçıvana yolla bağlı söz düşəndə Ermənistanın ərazi bütövlüyü və suverenliyi məntiqini qabartmaq, üstəlik, Mehri-Yerasx marşrutunu, az qala, ön şərt kimi siyasi dövriyyəyə gətirmək isə mətləbdən yayınmaq, aşkar manipulyasiya, Azərbaycanın yaratdığı reallığa qarşı çıxmaq idi.

* * *

İndi Ermənistan rəhbərliyi “Dünyanın kəsişməsi”nin adını tutmur. Ona görə ki, ortaya atdığı ideya iflasa uğradı. İflasa uğradı və bu il avqustun 8-də “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə” imzalandı. Sənədin 3-cü bəndində isə bildirildi: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.

Qeyd edək ki, Birgə Bəyannamənin 3-cü bəndi ilə üçtərəfli Bəyanatın əvvəldə diqqətə çatdırdığımız 9-cu bəndi, demək olar, eynidir. Ən böyük eynilik hər iki bənddə Naxçıvana yolun maneəsizliyinin vurğulanmasıdır. Yəni sərhəddə heç bir yoxlanış olmayacaq. Əlbəttə, Paşinyan daxili auditoriya qarşısında bu məqama müxtəlif izahlar verə bilər. Məsələn, Nikol bir müddət öncə ölkə parlamentində ona verilən sualı cavablandırarkən demişdi ki, hazırda müasir texnologiyaların köməyi ilə təmassız yoxlanış aparmaq mümkündür. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə öz aləmində arxayınlıq yaradaraq demişdi ki, ölkə ərazisindən (Zəngəzur dəhlizindən – red.) bomba daşınmayacaq. Guya ki, bomba daşımaq istəyən var idi...

* * *

Sözümüz ondadır ki, Azərbaycan, hər bir halda, istəyinə çatıb. Ermənistan 2020-ci ildən bəri müqavimət göstərdiyi Naxçıvana maneəsiz yola ikinci dəfə razılıq verib. Birinci dəfə müharibədə rüsvayçılıq yaşayan, ikinci halda diplomatik müstəvidə biabırçılıqla üzləşən tərəf kimi. Zəngəzur dəhlizi ideyasına gəlincə, məsələ Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilib və ötən müddət göstərir ki, bu termin beynəlxalq ictimai rəydə qəbul olunub və kifayət qədər oturuşub. Başqa sözlə desək, Azərbaycan dövləti Zəngəzur dəhlizini xarici aləmdə ümumişlək hala gətirməyi, belə demək mümkünsə, leqallaşdırmağı bacarıb. Güman etmək olar ki, nə vaxtsa “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi və ya qısaca Tramp marşrutu belə bir statusu qazanacaq. Hələlik isə...

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirmişdi ki, “regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur”. N.Paşinyanın “ilişdiyi” də məhz bu ifadədir. Yeri gəlmişkən, erməni baş nazir dövlətimizin başçısının bu il sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş zamanı dilə gətirdiyi Zəngəzur dəhlizi ifadəsinə də eyni tərzdə münasibət bildirmiş və Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xatırlatmışdı. Daha doğrusu, sənədin Tramp marşrutu məntiqini. Nikola bəzi məqamları sonda xatırladacağıq...

* * *

Məsələ budur ki, N.Paşinyanın Zəngəzur dəhlizinin Azərbaycanın Ermənistana qarşı ərazi iddiası formulunu qabartması onun ölkəsindəki müxalif baxışlardan qaynaqlanır. Anlaşılmayan məqam Nikolun nə üçün həmin sərsəm baxışları beynəlxalq tribunalara daşımasıdır. Təsəvvür edin, Paşinyan daxili auditoriya önündə Zəngəzur dəhlizi müstəvisində meydana çıxmış Turan yolu stereotipinin ziyanlı olmadığını, Ermənistanın ərazi bütövlüyü və suverenliyi üçün heç bir təhdid yaratmadığını bəyan edir, amma eyni fikri Zəngəzur dəhlizi ilə bağlı işlətmir, dəhliz məntiqini, bir növ, süngü ilə qarşılayır və bu ritorikasının heç bir fayda verməyəcəyinin fərqinə varmır. Əksinə, baş nazir Azərbaycan-Ermənistan sülh prosesinə mənfi çalar gətirir, etimadsızlıq toxumları səpir. Axı həmin prosesin məğzində hər iki dövlətin bir-birilərinin ərazi bütövlüklərinə və suverenliklərinə hörmət amili ön plandadır və mövcud məqam həm Birgə Bəyannamədə, həm də paraflanmış barış sazişində yer alır.

Bəli, Paşinyan hər kəsin Tramp marşrutunun, əslində, Zəngəzur dəhlizi olduğunu bildiyi halda, beynəlxalq platformalarda özünü, guya, Azərbaycan Prezidentinə qarşı çıxırmış kimi göstərir. Durum kənardan çox cılız görünür, habelə Nikolun davranışı mətləbdən yayınmaq cəhdidir. Mətləb isə budur ki, illərdir Naxçıvana maneəsiz keçidi verməmək üçün hər vasitəyə əl atan və istəyinə çata bilməyən Ermənistan qarşısında yeni öhdəlik var. Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində dediyi kimi, rəsmi İrəvan ev tapşırığını yerinə yetirməlidir. Ev tapşırığına gəldikdə, ABŞ Prezidenti Donald Trampın şahid imzası ilə təsdiqlənmiş Birgə Bəyannamənin 4-cü bəndində hər şey aydın yazılıb: “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Ermənistan, hələlik, heç bir qətiyyət göstərməyib. İndilik Tramp marşrutu işlək deyil və Paşinyan Azərbaycanın Ermənistana qarşı ərazi iddiasından danışır, özü də belə bir iddianın olmadığını bilərək. Məgər Nikol anlamır ki, Azərbaycan özünün digər ərazilərini Naxçıvanla birləşdirən 40 kilometrdən bir qədər artıq məsafəni ələ keçirmək istəsəydi, heç bir maneə tanımazdı? Çox yaxşı anlayır və bunu Prezident İlham Əliyev Vaşinqtondakı müsahibəsində də vurğulamışdı, əvvəllər də bu barədə söz açıb.

* * *

Sonda keçək N.Paşinyan üçün haqqında söz açdığımız xatırlatmalara. Belə bir suala cavab verək: Zəngəzur dəhlizi ideyası nə üçün gündəmə gəlib? Əlbəttə, 44 günlük müharibədən sonra məsələnin iqtisadi və siyasi əsasları meydana çıxıb. Çünki Azərbaycanın müharibədəki inamlı zəfəri regional konfiquriyasını dəyişib.

İkincisi, Zəngəzur reallığı ayrıca vurğulanmalı məsələdir. Bu reallıq ona görə yaranıb ki, Ermənistan vaxtilə Zəngəzuru ələ keçirdiyi kimi, Qarabağımızı da işğal etdi. İşğal otuz ilə yaxın çəkdi. Zəngəzur dəhlizi termini mahiyyətcə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına müqavimət əzmindən yarandı və özündə böyük tarixi həqiqəti əks etdirdi. O tarix ki, heç də uzaq deyil. Qarabağda erməni separatizminin mövcudluğu da həmçinin. Yəni Paşinyan necə bir dövlətə rəhbərlik etdiyini, ölkəsinin üzərindən işğalçı damğasının götürülmədiyini yaddan çıxarmamalıdır.

Üçüncüsü, Ermənistan rəhbərliyi unutmamalıdır ki, Tramp marşrutunun timsalında Naxçıvana yolun maneəsizliyinin təmin olunmadığı, böyük anlamda yanaşsaq, regional kommunikasiyaların işlək hala gəlmədiyi müddətdə Zəngəzur dəhlizinin erməni qavramı hər zaman aktuallığını qoruyacaq. Sadə reallıq var: yollar işləməli, insanlar fayda götürməlidirlər ki, keçmişin ədavəti sıradan çıxsın, yaralar qaysaq bağlasın.

Eyni zamanda, Ermənistanda “Artsax” sərsəmləmələri, yəni Azərbaycana qarşı ərazi iddialarını səsləndirənlər qalmaqdadır. Rəsmi İrəvan bu sərsəmləmələrə qarşı heç nə edə bilmirsə, üstəlik, Bakıda məhkəməsi gedən Qarabağ müharibəsi canilərinin azadlığa çıxmaları məsələsini beynəlxalq tribunalara daşıyırsa, Paşinyan əmin olsun ki, Zəngəzur dəhlizinin onun düşüncəsinə hakim kəsilmiş təsəvvürü həmişə qalacaq.

Nəhayət, rəsmi İrəvan dəhlizin ərazi iddiası məntiqini dəyişmək istəyirsə, Tramp marşrutunun, yəni Naxçıvana maneəsiz yolun işlək hala gəlməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi tez bir zamanda yerinə yetirməli, Birgə Bəyannaməyə üçtərəfli Bəyanatın aqibətini yaşatmamalıdır. Həm də ona görə yaşatmamalıdır ki, obrazlı desək, Azərbaycan adlı böyük qatar onsuz da yola çıxıb və həmin qatarın vaqonlarını 1989-1991-ci illərdə olduğutək daşa basacaq hansısa qüvvə yoxdur və ola bilməz.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
24
1
xalqqazeti.az

2Sources