Növbəti 10 il ərzində Ayda nüvə enerjisi ilə fəaliyyət göstərəcək yaşayış məntəqəsi inşa olunacaq.
Far.Az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) rəhbəri Şon Daffi Avstraliyanın Sidney şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı bildirib.
NASA rəhbəri qeyd edib ki, layihə uğurla reallaşarsa, Ayda yalnız araşdırma mərkəzi deyil, həm də insanların yaşaması üçün nüvə enerjisi ilə işləyən "kənd" yaradılacaq. Onun sözlərinə görə, ABŞ-nin yanaşması Ayda dayanıqlı həyat şəraitini təmin etməkdir.
Daffi həmçinin Marsa insan göndərmək məqsədinin də yaxın illərdə daha real hədəfə çevriləcəyini vurğulayıb:
"Yalnız Ayda baza qurmaqla kifayətlənməyəcəyik, həm də nüvə enerjisi ilə işləyən yaşayış məntəqəsi olacaq. Paralel olaraq, Marsa insan göndərməyə də çox yaxınlaşacağıq".
Konqresdə ABŞ-la yanaşı Çin, Yaponiya, Hindistan, Avropa və Kanada kosmik agentliklərinin rəhbərləri də iştirak ediblər. Rusiya nümayəndələrinin siyahıda yer almaması diqqət çəkib.
Qeyd edək ki, builki konqresin mövzusu "Davamlı Kosmos: Dayanıqlı Dünya"dır. NASA rəhbəri qurumun əsas vəzifəsinin kosmosda insan həyatını davamlı və təhlükəsiz etmək olduğunu bildirib.