EN

Orxan Fikrətoğlu: 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının olduğu tədbir kimi tarixə düşəcək

Bakı, 30 sentyabr, AZƏRTAC

Kitab sahəsi Mədəniyyət Nazirliyinin prioritet məsələrindəndir. Builki Bakı Beynəlxalq Kitab Sərgisində 23 dövlətdən 68 xarici təşkilat (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) ilə bağlı mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu deyib. Onun sözlərinə görə, sərgi Azərbaycan ədəbiyyatının dünyaya çıxarılması zəminində böyük xidmət edəcək.

“11-ci Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının təmsil olunduğu sərgi kimi tarixə düşəcək. İspaniya, Küveyt və İndoneziya isə ilk dəfə olaraq sərgidə iştirak edəcək. Sərgi çərçivəsində 7 gün ərzində təqdimat zonalarında, stendlərdə və konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılıb. Burada uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Bölgələrdə yarmarkalar təşkil etmək istəyirik. Nəşriyyatlardan aztirajlı kitabların müəyyən hissəsini almağı düşünürük. Bu il də Mədəniyyət Nazirliyi tərəfindən iştirakçılar üçün 6 kvadratmetrədək ekspozisiya sahəsi və lazım olan avadanlıqlar ödənişsiz olaraq təmin edilib. Milli yaddaş çox mühümdür. Süni intellektin bizə təqdim edəcəyi yaddaş milli olmayacaq. Milli yaddaşımızın qorunmasında bu kitab sərgisinin müstəsna rolu olacaq”,- deyə O.Fikrətoğlu əlavə edib.

 

Chosen
79
1
azertag.az

5Sources