EN

Kiyevdə Azərbaycanın enerji təhlükəsizliyindəki roluna dair konfrans keçirilib

Kiyev, 30 sentyabr, AZƏRTAC

Kiyev şəhərində Azərbaycanın Ukraynanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Azərbaycan və Ukrayna arasında bərpaolunan enerji layihələrinin birgə işlənməsinə dair konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Milli Elmlər Akademiyasının konfrans zalında keçirilən tədbirdə Ukrayna və Azərbaycan arasında enerji sahəsində gələcək əməkdaşlığın yeni mərhələsindəki istiqamətlər müzakirə olunub.

Azərbaycan-Ukrayna Enerji Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə bərpaolunan enerji mənbələrinin - Günəş, külək, kiçik su elektrik enerjisinə inteqrasiyası, müasir enerji saxlama texnologiyalarının tətbiqi, Ukrayna-Azərbaycan elmi, texniki və investisiya əməkdaşlığı üçün imkanlar müzakirə olunub. Tədbirdə çıxış edən Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik, Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Rövşən Hüseynzadə, Ukrayna Ali Radasının deputatı Sergey Naqornyak, Assosasiyanın həmsədrləri Pyotr Romanov və Şahin Yusifov və digər çıxışçılar iki ölkə arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər. Natiqlər müharibə dövründə Ukraynanın enerji obyektlərinin bərpasına verdiyi töhfəyə görə Azərbaycanın dəstəyini xüsusi vurğulayıblar.

Qeyd edilib ki, hər iki ölkə regionda enerji təhlükəsizliyinin təmin edilməsi və yaşıl enerjinin inkişafına yönəlmiş əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Müzakirə zamanı vurğulanıb ki, 2025-ci ilin iyul ayında Azərbaycan təbii qazının Trans-Balkan marşrutu ilə Bolqarıstan və Rumıniya üzərindən tədarükünü həyata keçirir. Bu layihə Ukraynanın enerji mənbələrinin şaxələndirilməsi və onun enerji təhlükəsizliyinin artırılması istiqamətində mühüm addım olub.

Tədbirin sonunda birgə layihələr üçün yol xəritəsi rolunu oynayacaq qətnamə qəbul olunub.

Ukrayna Ali Radasının Energetika və kommunal xidmətlər məsələləri komitəsinin üzvü, deputat Sergey Naqornyak AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukrayna cəmiyyəti və hökuməti enerji sektorunda göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.

“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü dövründə Ukraynanın enerji sahəsinə töhfə verən hər bir ölkə Ukraynanın enerji təhlükəsizliyinə dəstək verir. Azərbaycanın töhfəsi kifayət qədər böyükdür. Biz Azərbaycan tərəfindən Ukraynanın enerji sistemləri üçün generatorlar, transformatorlar və kabellər formasında göndərilən humanitar yardımı yüksək qiymətləndiririk. Bu, bu gün xüsusilə vacibdir, çünki Rusiya artıq dördüncü ildir ki, Ukraynanın energetika sisteminə və kritik enerji obyektlərinə zərbələr endirir. Hər bir ölkədən gələn yardım bizim üçün son dərəcə əhəmiyyətlidir”, - deyə Naqornyak əlavə edib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
8
2
azertag.az

3Sources