
Azər Həsrət: "Bu çıxışı Rusiya havada qapdı, "sözü yerə at, sahibi götürəcək""
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizinin suyunun azalması probleminə də toxunub. Qeyd edib ki, dənizin sürətlə kiçilməsinin əsas səbəbi iqlim dəyişmələri deyil.
"2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır", - dövlət başçısı bildirib.
Prezidentin çıxışının ardınca Rusiyadan reaksiya gecikməyib.
"Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi son 30 ildə davam edir. Hazırda azalmanın bütün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır".
Bu barədə Rusiya Təbii Sərvətlər Nazirliyindən TASS-a bildirilib. Nazirlik problem haqda danışarkən deyib: "20-ci əsrdə ekstremal dalğalanmaların iki dövrü qeydə alınıb: 1930-cu ildən 1977-ci ilə qədər Xəzər dənizinin səviyyəsində 3 metr eniş Baltik Hündürlük Sistemində (BHS) mənfi 29 metrə çatdı. 1978-ci ildən 1995-ci ilə qədər suyun səviyyəsi 2,4 metr artaraq HS2166-a çatdı. Xəzər dənizinin səviyyəsində daha bir enmə müşahidə olunub və Dövlət Hidrologiya İnstitutunun məlumatına görə, hazırda BHS-də mənfi 29 metrə çatıb".
Agentlik vurğulayır ki, həm Rusiya, həm də beynəlxalq alimlərin apardığı araşdırmalar göstərir ki, Xəzər dənizinin su səviyyəsinə əsasən dənizin daxilində buxarlanma və yağıntılar və daxil olan çayların axması kimi iqlim amilləri təsir edir ki, bu da çay hövzələrində buxarlanma və yağıntılardan asılıdır. "Eyni zamanda ekspertlər müvafiq uyğunlaşma tədbirlərinin işlənib hazırlanması üçün iqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin hərtərəfli öyrənilməsinin davam etdirilməsinin zəruriliyi ilə razılaşırlar", - qurumun mətbuat xidməti qeyd edib.
Nazirlik VNIRO-nun (KaspNIRKh) Volqa-Xəzər bölməsi ilə birlikdə Xəzər dənizinin Rusiya hissəsində dəniz səviyyəsində dəyişikliklərin öyrənilməsi və dəniz səviyyəsinin aşağı düşməsi şəraitində potensial mənfi nəticələrin minimuma endirilməsi üçün tədbirlər proqramı hazırlayır. "Nəticədə Xəzər dənizinin səviyyəsində gələcək dəyişikliklərin, bu dəyişikliklərin sosial-iqtisadi təsirlərinin qiymətləndirilməsi üçün metodologiya, əhalinin və iqtisadiyyatın uyğunlaşması üzrə federal sənaye, federal və regional icra hakimiyyəti orqanları üçün tövsiyələr hazırlanacaq", - deyə nazirlik qeyd edib.
Maraqlıdır, Prezident "əsas səbəb iqlim dəyişməsi deyil" deməklə əslində bununla nəyə eyham vurdu? Burada Rusiyanın məsuliyyəti nə qədərdir? Digər Xəzəryanı ölkələrin yox, məhz Rusiyanın qabağa düşüb açıqlama yayması nədən xəbər verir?
Azər Həsrət
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "Yeni Müsavat"a qeyd edib ki, Xəzər dənizinin suyunun azalması fonunda biz həm də artıq tam olaraq quruduğunu deyə biləcəyimiz Urmiya gölünü də xatırlamalıyıq: "Ondan əvvəl isə Aral dənizinin Orta Asiyada qurudulmasını xatırlamalıyıq. Yəni Aral dənizinin suyunun 90 faizi yoxa çıxıb, cəmi 10 faizi qalır. Faktiki olaraq Aral dənizi yoxa çıxıb. Aral dənizi və yaxud Aral gölü daxili göldür, Qazaxıstan və Özbəkistan arasında yerləşir. Xəzər dənizinin başına gələnlər həm Urmiya gölünün, həm də Aral gölünün başına gətirilənlərlə əlaqəlidir. Sual oluna bilər ki, nə aidiyyəti var? Aidiyyəti ondan ibarətdir ki, Aral gölünün qurudulması Sovet İttifaqının, sonradan da Rusiyanın siyasətinin nəticəsi oldu. Böyük su hövzələrini qurudaraq insanların yaşayışını mümkünsüz etdilər. Eyni şeyi də İrandakı rejim Urmiya gölünə qarşı edir.
Xəzər dənizinin suyunun azalması Rusiyanın məqsədyönlü siyasətinin nəticəsidir. Prezident İlham Əliyev də BMT tribunasında yumşaq şəkildə bunu dilə gətirdi. Dilə gətirməsindən sonra da dərhal Rusiya havada qapdı. Məsəl var, deyirlər: "Sözü yerə at, sahibi götürəcək". Prezident İlham Əliyev sözü BMT tribunasından yerə atdı, atan kimi də digər dövlətlərdən - Qazaxıstan, Türkmənistan, İrandan heç bir səs çıxmadığı halda, Rusiya dərhal reaksiya verdi. Çünki Rusiya başa düşür ki, Xəzər dənizinin başına gətirilən fəlakətlərin bir nömrəli səbəbkarı məhz özüdür. Necə?"
Onun sözlərinə görə, Xəzər dənizini qidalandıran əsas çay Volqa çayıdır: "Bu, türk çayıdır, türk torpaqlarından keçir. Amma onunla bağlı qərarları Moskva verir və həmin çayın suyunun yetərincə Xəzərə axıdılmaması üçün əlindən gələni edir. Ona görə ki, Xəzər, ümumiyyətlə, tarixən bütöv bir türk dənizidir. Min illər əvvələ gedəndə görürük ki, Xəzər sahillərində yalnız türk millətləri yaşayıb, başqa heç bir millət yaşamayıb. Bu günün özündə də Xəzər dənizi türk coğrafiyasına aiddir. Baxmayaraq ki, bir hissəsi Rusiya Federasiyasının ərazisi sayılır, amma yenə də türk coğrafiyasıdır. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiyanın ərazisində isə Dağıstan, Dağıstandan üzü şimala doğru Kalmıkiyanın bir hissəsi, eyni zamanda Həştərxan vilayəti, hansı ki, Həştərxan da tatar torpağıdır, Kalmıkiya isə monqol əsilli olması ilə bərabər türklərlə iç-içədir. Və tarixin bütün mərhələlərində bu dəniz türk dənizi olub".
Rövşən Abbasov
Ekoloq Rövşən Abbasov da qeyd edib ki, Xəzər qapalı göldür, çayların gətirdiyi su buxarlanma ilə çıxır: "Lakin son 30 ildə çayların suyunda kəskin azalma baş verir, buxarlanma isə olduğu kimi qalır və ya daha çox olur, bu da Xəzərin səviyyəsinin azalmasına səbəb olur. Xəzər dənizinə əsas su gətirən çay Volqadır. Dənizə gələn suların 80 faizindən çoxu Volqanın payına düşür. Volqanın suyunun azalması isə Xəzərin səviyyəsinə təsir edir. Hazırda Volqa boyunca, şimaldan cənuba doğru 8 iri su anbarı mövcuddur ki, onların ümumi sahəsi 30 min kv km-dən çoxdur. Su anbarlarının əksəriyyəti elə dəniz adlanır. Məsələn, Kuybışev və Rıbinsk anbarları buna nümunədir. Bu anbarlarda buxarlanma son dərəcə yüksəkdir. Eyni fikirləri Samara su anbarına da aid etmək olar. Volqaboyu şəhərlərdə məskunlaşmanın getdikcə artması, əhalinin Sibirdən tədricən Volqa hövzəsinə köçməsi suya olan tələbatı artırır. Nəticədə Volqanın suyu azalır. Bu da təbii ki, Xəzərin səviyyəsinin düşməsinə gətirib çıxarır. Kür və Ural çayı isə Xəzərə tökülən suyun çox kiçik hissəsini təşkil edir. Bu yaxınlarda Rusiyanın baş nazirinin ofisində belə bir müzakirə getdi ki, artıq Rusiya Volqa sualtı kanallarını saxlaya bilmir. Suyun altından kanal çəkilib ki, gəmilər sərbəst hərəkət edə bilsinlər. Xəzər dənizinin səviyyəsi həmin ərazidə o qədər düşüb ki, kanalı su ilə təmin etmək çətinləşib. Bu isə Rusiyanın Xəzərə çıxışını zəiflədir. Rusiyanın elə gəmiləri var ki, Mahaçqala limanında qalıb və başqa yerə hərəkət edə bilmir".
Ekoloq deyir ki, yaranmış vəziyyət Azərbaycana da təsir edir və gəmiçilik imkanlarını məhdudlaşdırır: "Bu problemin həlli Xəzər hövzəsində sudan istifadəni azaltmaqdır. Yəni uzunmüddətli dövrdə bütün ölkələr bir araya gəlməlidirlər ki, Xəzərin çaylarını xilas etsinlər. Dövlətlər öz aralarında belə bir məcburetmə mexanizmi işləyə bilərlər ki, hər bir ölkə öz ərazisində olan çaydan Xəzərə nə qədər su verəcəyi ilə bağlı kvota götürsün. Bu baxımdan Rusiyanın imkanları genişdir, Volqa onun ərazisindədir. Azərbaycanın imkanları məhduddur. Çünki Kür çayı Volqa ilə müqayisədə çox kiçikdir və transsərhəd çaydır. Ermənistana, Gürcüstana necə əmr edək ki, su götürməsinlər. Onların Xəzərə çıxışları yoxdur və heç maraqlı da deyillər. Üstəlik də su götürmələrini getdikcə artırırlar".