EN

Tərtər terrorunun qanlı izləri

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni təcavüzkarlıq siyasətinin mahiyyətini bir daha üzə çıxarır. "Dənizdən-dənizə böyük Ermənistan" yaratmaq xülyasından əl çəkməyən, təcavüz siyasəti yeridən ermənilər əsrlər boyu vəhşilik, soyqırımı törətmişdilər. Onilliklər boyu müntəzəm surətdə xalqımızın tarixini kobud surətdə saxtalaşdırmış, mədəniyyətimizi, toponimlərimizi özününküləşdirmişlər. Erməni millətçilərinin məqsədyönlü soyqırımı və deportasiya siyasəti nəticəsində azərbaycanlılar öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzurundan deportasiya olunmuşdur. Belə ki, xalqımız 1905-1907, 1918-1920, 1948-1943, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən etnik təmizləməyə və deportasiyaya məruz qalmışdır.

Ermənilərin xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı siyasətinin qurbanlarının sayına nəzər salsaq görərik ki, 1918-ci il mart qırğını zamanı ermənilər üç gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuşlar. 1918- 1920-ci illərdə Qarabağın dağlıq və dağətəyi hissəsində 50 mindən çox soydaşımız qətlə yetirilmişdir. 1988-ci ildə erməni silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, 10 minlərlə insan kütləvi qırğınların qurbanı olmuş, 1 milyondan çox azərbaycanlı qasqın və məcburi köçkünə çevrilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdır.

Göründüyü kimi, ermənilərin məkri, riyakarlığı bütün dövrlərdə özünü qabarıq büruzə vermişdir. 44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtərin Qazyan kəndində mülki sakinlərin evlərinə ciddi ziyan dəydi, infrastruktur sıradan çıxdı. Məqsədli şəkildə mülki əhalini hədəf alan düşmən sentyabrın 30-da səhər saat 08.00-dan etibarən, Tərtər şəhərini artilleriya atəşinə tutur. Əlbəttə ki, cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilirdi. Erməni hərbçilərinin artilleriya atəşinin növbəti hədəfi Tərtərin Seydimli kəndi olub. Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edirdi.

Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanalara yerləşdirildi, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vuruldu. Qeyd edək ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində həmin tarixə qədər mülki əhalidən ümumilikdə 12 nəfər həlak olmuş, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdi. Təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olmuşdu. Ölkəmizin hər yerində olduğu kimi, Lerikdə də sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin dinc sakinləri məqsədyönlü şəkildə atəşə tuturdu. Daha sonrakı günlərdə Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.

Qeyd edək ki, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, ölkəmizin xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalırdı. 26 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də beynəlxalq hüququn normalarnı kobud şəkildə pozub. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Müharibə getdiyi bir zamanda humanitar atəşkəs elan olunsa da yenidən Ermənistan tərəfi buna məhəl qoymur, hətta mülki əhalini belə hədəf alırdı. Ermənistan Silahlı Qüvvələrinin Bərdə və Tərtər şəhərlərini "Smerç" raketindən atəşə tutması nəticəsində biri uşaq olmaqla dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan isə yaralanıb. Bu bir daha Ermənistan tərəfinin Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizliyini təsdiqləmiş oldu.

Ermənistanın atəşkəsi pozaraq Azərbaycana hücum etməsi və mülki əhalini hədəf alması onların diplomatik həll istəməyən, siyasi müzakirələrdən uzaq niyyətlərinə əsaslanırdı. Dövlətimizin başçısı dəfələrlə çıxışlarında, eləcə də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edərək ədalətin bərpa olunmasını, işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını bildirmişdi. Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərmiş oldular.

Tarixi ədalət bərpa olundu və 44 günlük müharibənin keçdiyi tarixi günləri vərəqlədikcə qürurlanırıq. Bu, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
sesqazeti.az

1Sources