Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, görünür ki, Ermənistan Rusiyanı Qərb ilə əvəzləmək istiqamətində ciddi təşəbbüslər həyata keçirir:
" Lakin İrəvanın böyük ölçüdə Rusiyadan iqtisadi asılılığı bu prosesi çətinləşdirir. Hərbi və təhlükəsizlik manevrləri isə Moskvanın Ermənistan üzərində nüfuzunu hələ də saxlayır. Rusiya anlayır ki, bölgədə balansı yalnız Ermənistan vasitəsilə qorumaq mümkün deyil. Buna görə də Moskva Azərbaycan, Türkiyə və İranla əməkdaşlığı gücləndirərək geoiqtisadi təsirlərə qarşı regional siyasət yürütə bilər.
Buna baxmayaraq, son illərdə Rusiyanın siyasəti həm Azərbaycan, həm də Ermənistan üçün etibarsızlıq yaradıb, buna görə region dövlətləri alternativ tərəfdaşlarla əməkdaşlıq etməyə daha çox meyllidir. Rusiyanın yerini doldurmaq istiqamətində ABŞ, Türkiyə, Çin və Avropa ölkələri fəal səy göstərir. Xüsusilə Zəngəzur dəhlizi məsələsində, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Rusiya iştirak etsə də, Vaşinqton görüşündən sonra ABŞ praktiki olaraq iştirakçıya çevrilib. Dəhlizdə Moskvanın tamamilə iştiraksız olacağı hələ dəqiqləşməsə də, ABŞ-ın boşluğu doldurmağa çalışması aydındır. Bu, son 2-3 ildə ABŞ-ın Ermənistana yardımlar, birgə hərbi təlimlər, strateji tərəfdaşlıq və sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıqla müşahidə olunur.
Ümumilikdə bütün bunları nəzərə alan Rusiya, əlindəki hərbi, enerji və diplomatik alətləri səfərbər edərək Cənubi Qafqazdakı mövqeyini qorumağa və möhkəmləndirməyə çalışacaq. Lakin real vəziyyət göstərir ki, son illərdə Rusiya bölgədə nüfuzunu əhəmiyyətli dərəcədə itirib və onu bərpa etmək üçün mövcud vasitələrini effektiv şəkildə tətbiq edə bilmir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31