Dünya miqyasında pandemiyaya yol açan, milyonlarla insanın yoluxmasına və ölümünə səbəb olan COVID-19-un üzərindən illər keçsə də, hələ də xəstəliyin fəsadları üzə çıxır. Zaman keçdikcə pandemiyanın sağlamlığa vurduğu zədələr daha aydın görünür.
Mütəxəssislər indiyədək COVID-19-un ən geniş yayılmış fəsadlarının ağciyər və ürək-damar xəstəlikləri olduğunu düşünürdülər. İndi isə koronavirusun beyinə də ciddi təsir etdiyi məlum olub. Böyük Britaniyanın Nottingem Universitetinin tədqiqatçıları xəstəliyin beyində yaratdığı fəsadlarla bağlı araşdırma aparıblar. Tədqiqat zamanı 15 mindən çox xəstənin məlumatlarından istifadə edərək beyin yaşlanmasını təyin edən süni intellekt modeli hazırlayıblar. Araşdırma çərçivəsində insanların xəstəlikdən öncəki və sonrakı beyin skanları müqayisə edilib. Məlum olub ki, koronavirusa yoluxmuş insanların beyninin qocalma sürəti orta hesabla 5,5 ay irəli çəkilib. Üstəlik, bu nəticə xəstəliyə yoluxmayan bir qrup insanda da görünüb. Tədqiqata rəhbərlik edən nevroloq Ali Reza Mohammadi Nejad bildirib ki, yalnız xəstəliyə yoluxma yox, həm də izolyasiya və qeyri-müəyyənlik kimi amillər beyin sağlamlığına da təsir edib. O qeyd edib ki, beyin sağlamlığı təkcə xəstəliklər tərəfindən deyil, həm də ətraf mühit tərəfindən formalaşır.
Bir müddət öncə "Nature" jurnalında koronavirus infeksiyasının baş-beyinə vurduğu dağıdıcı təsirlərdən bəhs edən yazı dərc edilmişdi. Yazı Liverpool Universitetinin, London Universitet Kollecinin, Yel Universiteti və İkon Tibb Məktəbinin mütəxəssislərinin birgə elmi işlərinə istinadən hazırlanmışdı. Mütəxəssislərin bildirdiklərinə görə, nevroloji və psixiatrik ağırlaşmaları olan COVID-19 xəstələrinin 62 faizində baş-beynin qanla təchizatı sistemi zədələnib. Eyni zamanda 31 faiz xəstədə qarışıqlıq və uzunmüddətli huşsuzluq vəziyyəti olduğu təsbit edilib. London Universitet Kollecindən bildirilib ki, infeksiyanın ən çox yayılmış nevroloji nəticələri insult və ensefalit - baş-beyin toxumalarının iltihabıdır. Belə simptomlar əhalinin müxtəlif qruplarında, o cümlədən gənclərdə görünüb.
Alimlərin fikrincə, koronavirusu ağır keçirən xəstələrin 50 faizindən çoxunda nevroloji fəsadlar baş verib. Onlar bildiriblər ki, üzərindən illər keçsə belə, xəstəliyin fəsadlarının heç də hamısını aradan qaldırmaq mümkün deyil. Təsirlərin əksəriyyəti isə hətta ömürlükdür. ABŞ-də keçirilən 1,2 milyon nəfəri əhatə edən geniş araşdırmada yoluxanların 15 faizində xəstəlikdən sonra bir ildən çox davam edən zehni problemlər müşahidə olunub. Böyük Britaniyanın Milli Statistik Ofisinin (ONS) məlumatına görə, COVID-19-dan sağalanların təxminən 2 milyonu "uzun COVID" sindromundan əziyyət çəkir. Onların 40 faizinin əsas şikayətlərindən biri məhz yaddaş və diqqət problemləridir.
Tədqiqatlar göstərir ki, COVID-19 beyində sadəcə funksional pozuntular yaratmayıb, həm də anatomik dəyişikliklərə səbəb olub. Almaniyanın Münxen Universitetinin alimləri yeni tədqiqatlarına əsaslanaraq bildiriblər ki, koronavirusa yoluxandan illər sonra belə beyində mənfi təsirlər qalacaq. Belə ki, SARS-CoV-2-nin spayk proteini yoluxmadan dörd il sonraya qədər beyin qişalarında və kəllə sümüyü iliyində qala bilər. Bu isə neyrodegenerativ xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. Bunu süni intellektə əsaslanan innovativ görüntüləmə metodu sayəsində öyrənmək mümkün olub. Yeni metod hüceyrə strukturlarını, metabolitləri və virus proteinlərini 3D formatda göstərməyə kömək edib. Nəticələr göstərib ki, spayk proteini bu bölgələrdə xüsusilə çox olan ACE2 reseptorları ilə birləşərək sümük iliyində və beyin qişalarında toplanır və illərlə qalır.
Elm adamlarının sözlərinə görə, spayk proteininin davamlı mövcudluğu COVID-19-un nevroloji nəticələri, həmçinin "uzun koronavirus" və neyrodegenerativ xəstəliklərlə əlaqəli ola bilər. Alimlər hesablayıblar ki, spayk proteininin daimi mövcudluğu beyin qocalmasını sürətləndirir ki, bu da onun normal işinin 5-10 il itirilməsinə bərabərdir. Tədqiqat həmçinin uzunmüddətli fəsadların riskinin azaldılmasında mRNT peyvəndlərinin effektivliyini təsdiqləyib.
Pandemiyanın bitməsi, yoluxmaların azalaması problemin həlli demək deyil. COVID-19-un uzunmüddətli təsirlərini izləmək üçün davamlı monitorinq sistemləri, reabilitasiya mərkəzləri və psixonevroloji dəstək proqramları vacibdir. Mütəxəssislər koronavirusun fəsadlarından qorunmaq üçün davamlı tibbi nəzarəti, psixoloji dəstəyi və zehni reabilitasiya proqramlarını vacib hesab edirlər. Sağlam həyat tərzi, düzgün qidalanma, idman, yuxu rejimi və stresin azaldılması bu yolda mühüm rol oynayır. Unutmamaq lazımdır ki, zamanında görülən tədbirlər daha ciddi problemlərin qarşısını almağa kömək edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"