EN

Zirzəmidə fəaliyyət göstərən avtoyuma ilə bağlı yeni faktlar üzə çıxdı ekspertiza rəyi açıqlandı

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 24 mərtəbəli binaların sakinləri illərdir zirzəmidə fəaliyyət göstərən avtoyuma ilə bağlı narazılıqlarını dilə gətirirlər. Onların sözlərinə görə, bu obyekt həm insanların sağlamlığına, həm də binaların dayanıqlılığına ciddi təhlükə yaradır. 

Moderator.az xəbər veri ki, artıq müstəqil ekspertiza rəyi də sakinlərin iddialarını təsdiqləyib.

“MBA Consulting Group” qiymətləndirmə şirkətinin 9 sentyabr 2025-ci il tarixli hesabatında göstərilir ki, avtoyuma məntəqəsi:

• Binaların konstruktiv dayanıqlığına mənfi təsir göstərir – çirkab suların sızması və daimi nəmişlik nəticəsində zirzəmi konstruksiyalarında risk yaranır;

• Elektrik şəbəkəsi və təhlükəsizliyini pozur – rütubət naqillərin zədələnməsinə, qısaqapanma və yanğın təhlükəsinə səbəb olur;

• Sakinlərin sərbəst istifadəsini məhdudlaşdırır – liftlərə və ümumi sahələrə çıxış çətinləşir;

• Ümumi istifadədə olan ərazilərin qanunsuz zəbt olunması faktı mövcuddur.

Ekspertiza nəticəsində vurğulanır ki, avtoyuma məntəqəsinin indiki formada fəaliyyəti qəbuledilməz və təhlükəlidir. Rəydə obyektin fəaliyyəti ilə bağlı yaranmış təhlükələrin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarının təcili tədbir görməsi vacibdir.

Sakinlərin narahatlığı real təhlükəyə çevrilib

Xatırladaq ki, avqustun 8-də məhz avtoyumanın fəaliyyət göstərdiyi sahənin yaxınlığında elektrik şitində partlayış baş verib və 110 mənzilin elektrik sayğacları yanıb. Sakinlər bildirirlər ki, bu hadisə avtoyumanın yaratdığı nəmişlik və havalandırma sisteminin olmamasından qaynaqlanıb.

Onların sözlərinə görə, hadisə gecə baş versəydi, 24 mərtəbəli binada yaşayan 2000 nəfər sakini təxliyə etmək mümkün olmayacaqdı.

Mübahisə hələ də məhkəmə müstəvisindədir

Hazırda məsələ ilə bağlı iki paralel məhkəmə prosesi davam edir:

1. Sakinlərin avtoyumanın bağlanması ilə bağlı şikayəti Ali Məhkəmədədir.

2. Avtoyuma sahibləri isə obyektə çıxarış almaq üçün məhkəməyə müraciət ediblər və Bakı İnzibati Məhkəməsi onların xeyrinə qərar çıxarıb. Bu qərardan da sakinlər apellyasiya şikayəti veriblər.

Sakinlər inanırlar ki, artıq rəsmi ekspertiza rəyi də onların haqlı olduğunu sübut edir və dövlət qurumları gecikmədən tədbir görməlidir.

Binaların tikintisi və idarəçilik mübahisələri

Məlumat üçün qeyd edək ki, həmin binaları zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan “Sahil-D Kompany” inşa edib. Şirkət binaların inşasına 2006-cı ildən başlasa da, ora mülkiyyətçilər 2016-cı ildən köçüb yaşayıblar.

Binalardakı 450-dən artıq mənzilin, eləcə də binların altındakı xeyli qeyri-yaşayış sahəsinin idarəçiliyi əvvəllər Mənzil-Tikinti Kooperativinin idarəçiliyində olub. Lakin sonradan “Xətai-33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Bu qurum Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2022-ci ilin əvvəlindən binaların idarəçiliyi də ona verilib.

Cəmiyyət avtoyumanın fəaliyyəti ilə bağlı da iclas keçirib, onun bağlanması ilə bağlı qərar qəbul ediblər. Lakin obyektin sahibləri bununla razılaşmayıb. Onlar iddia edir ki, başqa mülkiyyətçilər kimi, o da 12 il əvvəl “Sahil-D Kompany” ilə müqavilə bağlayıb, 226 kvadrat metrlik qeyri-yaşayış sahəsini alıb.

Şikayətçi sakinlər isə bildirir ki, ona satılmış 226 kvadrat metrlik ərazinin 87 kvadrat metrlik hissəsi ümumi istifadədə olan avtomobil yollarına və insanların liftlərə yaxınlaşmaq üçün gedib-gəldiyi yola düşür.

Nəticə

Beləliklə, 2000-ə yaxın sakinin təhlükəsizlik və sağlamlıq narahatlıqları ilə, avtoyuma sahiblərinin mülkiyyət hüquqları toqquşur. Hazırda iş məhkəmə instansiyalarında davam edir və sakinlər ümid edirlər ki, “qanun adı altında” baş verən ədalətsizliklərə son qoyulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
moderator.az

2Sources