EN

TÜTÜNSÜZ XƏSTƏXANA MODELİ: Azərbaycan üçün Yol Xəritəsi

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prof. Zahid Fərrux Məmmədov, 

İqtisad elmləri doktoru (TC, RF, AR), Professor, Əməkdar müəllim, Səhiyyə iqtisadiyyatı üzrə ekspert-tədqiqatçı

Azərbaycan Respublikasında səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, əhalinin sağlamlığının qorunması və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, xəstəxana və sağlamlıq müəssisələrinin ərazisində siqaret istifadəsinin tam qadağan olunması zərurəti gündəmdədir.

Xəstəxanalar və sağlamlıq mərkəzləri insanların həyatını xilas edən, müalicə və reabilitasiya xidmətləri göstərən ən mühüm ictimai təsisatdır. Burada siqaret çəkilməsi yalnız tibbi baxımdan deyil, həm də etik və sosial baxımdan qəbuledilməzdir. Siqaretin xəstəxana ərazisində istifadəsi həm xəstələrin sağalma prosesinə mənfi təsir göstərir, həm də tibbi heyətin iş mühitini zəhərləyir. Bu səbəbdən “tütünsüz xəstəxana” konsepsiyası müasir səhiyyə sistemlərinin prioritetlərindən birinə çevrilmişdir.

Dünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, tütün istifadəsi hər il milyonlarla insanın həyatına son qoyur. Xüsusilə passiv siqaret çəkmə sağlamlıq üçün ciddi təhlükə yaradır. Sağlamlıq müəssisələrinin ərazisində tütün məmulatlarının istifadəsi həm tibbi prinsiplərə, həm də etik normalara tamamilə ziddir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, tütün istifadəsi hər il dünyada 8 milyondan çox insanın ölümünə səbəb olur. Bunun 1,3 milyonu passiv siqaret çəkmənin payına düşür. Siqaret çəkilən mühitdə müalicə olunan xəstələrin sağalma sürəti aşağı düşür, ürək-damar və tənəffüs xəstəliklərinin ağırlaşma ehtimalı isə artır. Xəstəxana ərazisində siqaret çəkilməsi sağlamlıqla bağlı bütün prinsip və məqsədlərə ziddir.

Məlumat üçün bildirirəm ki, ABŞ və Kanadada bütün xəstəxana və sağlamlıq müəssisələri tam tütünsüz zonalardır və pozuntulara görə inzibati cərimələr tətbiq edilir. İngiltərə, Fransa və Almaniyada xəstəxanalarda siqaret qadağası qanuni tələblə təsbit olunub; təkrar pozuntular üçün yüksək məbləğli cərimələr mövcuddur. Avstraliya və Yeni Zelandiyada yalnız xəstəxanalar deyil, bütün sağlamlıq müəssisələrinin həyətləri və ətraf əraziləri siqaretsizdir. Türkiyədə isə qanunla xəstəxanalarda və təhsil müəssisələrində siqaret çəkmək tam qadağan olunub, pozuntular cərimələnir.

Azərbaycan üçün əsas istiqamətlər

1. Qanunvericilik bazasının gücləndirilməsi - “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklik edilərək bütün xəstəxana və sağlamlıq müəssisələrinin ərazilərində siqaret çəkmə tam qadağan olunmalıdır. Qanunvericilikdə “Tütünsüz Xəstəxana” anlayışı ayrıca hüquqi norma kimi təsbit olunmalıdır. Bu, yalnız inzibati qərarla deyil, məhz qanun gücü ilə tətbiq olunduqda hüquqi baxımdan daha möhkəm təminat yaradacaq. Eyni zamanda, normativ sənədlərdə siqaret çəkənlərin hüquqi məsuliyyəti və nəzarət mexanizmləri aydın şəkildə göstərilməlidir.

2. İnzibati mexanizmlər - Qaydaları pozan şəxslərə ilkin mərhələdə cərimələr tətbiq edilməli, pozuntular təkrarlandıqda daha sərt maliyyə sanksiyaları müəyyən olunmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə inteqrasiya edilərək, qaydaları təkrar pozan şəxslərin müəyyən müddət ərzində sığorta güzəştlərindən məhrum edilməsi nəzərdə tutulmalıdır. Bu, məsuliyyət hissini artıracaq.

3. Məsul şəxslərin təyini: Xəstəxanaların inzibati rəhbərliyi daxilində xüsusi “Tütünsüz Zona nəzarətçisi” vəzifəsi yaradılmalı, qaydaların icrasına cavabdehlik konkret şəxslərə həvalə edilməlidir.

4. Monitorinq sistemləri: Xəstəxanaların ərazilərində video nəzarət vasitələrinin qurulması, qayda pozuntularının foto/video ilə qeydə alınaraq cərimə mexanizminin avtomatlaşdırılması.

5. İctimai maarifləndirmə - Xəstəxananın bütün girişlərində, dəhlizlərində və həyətində “Tütünsüz Zona” lövhələri və aydın işarələr yerləşdirilməlidir. Bu işarələr beynəlxalq standartlara uyğun olmalı, vizual təsiri güclü şəkildə hiss etdirilməlidir. Pasiyentlər və ziyarətçilər üçün siqaretin zərərləri haqqında broşürlər, plakatlar və elektron panellərdə məlumatlar təqdim edilməlidir. Həkimlər və tibb bacıları pasiyentlərlə ünsiyyətdə olduqda siqaretin zərərləri barədə məlumat verməli, bunu müalicə prosesinin bir hissəsi kimi tətbiq etməlidirlər. TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi tərəfindən pilot layihənin nəticələri ictimaiyyətə açıqlanmalı, televiziya və sosial media üzərindən maarifləndirici kampaniyalar aparılmalıdır.

Beləliklə, “Tütünsüz Xəstəxana Modeli” qanunvericilik, inzibati mexanizmlər və maarifləndirmə bir-birini tamamlayan üç sütun ilə təşkil olunur. Bu yanaşma ilə “Tütünsüz Xəstəxana Modeli” yalnız cərimə və qadağa üzərində deyil, həm də ictimai dəstək və mədəniyyət dəyişikliyi əsasında qurulacaq.

Azərbaycan üçün “Tütünsüz Xəstəxana Modeli”ni tətbiq etməkdə ilk addım kimi Neftçilər Mərkəzi Xəstəxanasının seçilməsi məqsədəuyğun olar.

Azərbaycan üçün “Tütünsüz Xəstəxana Modeli”ni tətbiq etməkdə ilk addım kimi Neftçilər Xəstəxanasının seçilməsinin məqsədəuyğunluğu

Azərbaycan üçün “Tütünsüz Xəstəxana Modeli”ni tətbiq etməkdə ilk addım kimi Neftçilər Mərkəzi Xəstəxanasının seçilməsi məqsədəuyğun hesab edilir. Neftçilər Mərkəzi Xəstəxanasının həm coğrafi mövqeyi, həm nüfuzu, həm də strateji əhəmiyyəti ilə “Tütünsüz Xəstəxana Modeli”nin pilot layihəsi üçün ən əlverişli seçimdir.

Bunun bir neçə əsas səbəbini açıqlayaq:

1. Coğrafi və simvolik mövqe – Xəstəxana paytaxtın mərkəzində yerləşir, gündəlik minlərlə xəstə və ziyarətçi qəbul edir. Bu, onu geniş ictimaiyyət üçün əlçatan və nüfuzlu nümunəvi mərkəzə çevirir.

2. Nüfuz və etimad – Neftçilər Mərkəzi Xəstəxanası Azərbaycanın ən tanınmış və etibarlı səhiyyə müəssisələrindən biridir. Burada tətbiq ediləcək model cəmiyyətin müxtəlif təbəqələrində daha asan qəbul ediləcək və nümunəvi standart kimi qəbul olunacaqdır.

3. Strateji peşə qrupuna xidmət – Xəstəxana müxtəlif strateji peşə qruplarına, o cümlədən uzun müddət neft sektorunda çalışan əməkdaşlara xidmət göstərib. Bu qruplar ölkənin iqtisadi inkişafı və strateji sahələrinin dayanıqlığında mühüm rol oynayır. Eyni zamanda, xəstəxana bütün vətəndaşlar üçün açıqdır və onların sağlamlığının qorunması milli əhəmiyyət daşıyır. Beləliklə, “Tütünsüz Xəstəxana Modeli” həm strateji əhəmiyyətli peşə qruplarını, həm də cəmiyyətin geniş təbəqəsini əhatə edən inklüziv yanaşma təmin edir.

4. İctimai diqqət və nümunəvi rol  – Neftçilər Mərkəzi Xəstəxanasında əldə olunacaq uğurlu təcrübə digər dövlət və özəl tibb müəssisələri üçün presedent və praktik model olacaq. Buradakı nəticələr daha geniş miqyasda tətbiq üçün inandırıcı əsas yaradacaq.

5. Nümayiş effekti  – Paytaxtın mərkəzində yerləşdiyinə görə burada həyata keçirilən “Tütünsüz Zona” təşəbbüsü həm media, həm də ictimaiyyət tərəfindən yaxından izlənəcək. Bu isə maarifləndirmə baxımından əlavə üstünlük verəcəkdir. 

Yuxarıda göstərilənləri nəzərə alaraq, “Tütünsüz Xəstəxana Modeli”nin pilot layihə çərçivəsində Neftçilər Xəstəxanasında tətbiqi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in dəstəyinin təmin olunmasını xahiş edirik.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

1Sources