EN

ABŞ federal hökumətin fəaliyyəti DAYANDIRILDI

Vətəninfo.az xəbər verir ki, ABŞ-da yeni maliyyə ili Konqresin təsdiqlədiyi büdcə olmadan başlayıb. Bu isə federal hökumətin fəaliyyətinin qismən dayandırılmasına səbəb olub.

Bundan əvvəl Senat noyabrın 21-dək federal qurumların maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə layihəsini rədd etmişdi.

ABŞ Prezidenti Donald Tramp bu vəziyyətə görə demokratları günahlandırıb. Onun sözlərinə görə, büdcə razılaşmasının əldə olunmasına əsas maneələr kimi sərhəd təhlükəsizliyi, qeyri-qanuni miqrantların səhiyyə xərcləri və cinsiyyət dəyişikliyi ilə bağlı məsələlər çıxış edir.

Ağ Ev isə yaranmış vəziyyətdən istifadə edərək respublikaçıların dəstəkləmədiyi bir sıra sosial proqramlardan imtina etməyi planlaşdırır. “Hökumətin bağlanması” ifadəsi bu halda dövlət qulluqçularının kütləvi şəkildə ixtisar olunması, maaşların azaldılması və bəzi dövlət xidmətlərinin müvəqqəti dayandırılması anlamına gəlir.

Prezident Trampın iş qrafikinə əsasən, oktyabrın 1-də o, mövzusu açıqlanmayan bir neçə fərman imzalamağı planlaşdırır.

Xatırladaq ki, ABŞ tarixində ən uzun müddət davam edən hökumət bağlanması 35 gün çəkmişdi və bu da Trampın birinci prezidentliyi dövründə baş vermişdi. Həmin vaxt 420 min insan işsizlik müavinəti üçün müraciət etmiş, 380 min nəfər isə məcburi məzuniyyətə göndərilmişdi. Əksər dövlət orqanlarının fəaliyyəti dayanmış, sənədləşmə və nəqliyyat sahəsində ciddi gecikmələr yaşanmışdı.

Tramp ikinci prezidentlik dövründə də hökumətin bağlanması təhlükəsi ilə üzləşmişdi, lakin o zaman böhranın qarşısı alınmışdı.

Chosen
29
veteninfo.az

1Sources