Konqo Demokratik Respublikasının (KDR) keçmiş prezidenti Cozef Kabila dövlətə xəyanətdə ittiham olunaraq qiyabi ölüm cəzasına məhkum edilib. “Le Figaro” xəbər verir ki, bu barədə ölkənin hərbi tribunalı qərar verib.
54 yaşlı Kabila Ruanda tərəfindən dəstəklənən silahlı anti-hökumət qrupu olan “23 Mart Hərəkatı” (M23) ilə əməkdaşlıq etməkdə təqsirli bilinib. Sabiq dövlət başçısı prosesdə iştirak etməyib və vəkillərlə təmsil olunmayib.
Nəşrin qeyd etdiyi kimi, hökm Kabilanın bu yaxınlarda ölkəyə qayıtmasından sonra çıxarılıb və bu, Kinşasadakı səlahiyyətlilər arasında narahatlıq yaradıb. May ayında hökumətin təşəbbüsü ilə keçmiş prezidentin ömürlük senator toxunulmazlığı götürülüb və iyulda onun məhkəməsi başlayıb. Onun hazırda harada olduğu bilinmir.
Məqalə müəllifinin fikrincə, ölüm hökmünə baxmayaraq, Kabilanın həbs olunacağı ehtimalı azdır. 2024-cü ildə edamlara qoyulan moratorium ləğv edilib, lakin o vaxtdan bəri ölkədə heç bir edam icra edilməyib.
Məhkəmənin qərarından kassasiya məhkəməsinə şikayət verilə bilər, lakin işin mahiyyəti yoxlanılmadan yalnız prosessual əsaslarla.
“Le Figaro”-nun məlumatına görə, may ayında Kabila M23 üsyançılarının nəzarətində olan Şimali Kivu əyalətinin paytaxtı Qomaya səfər edib.
Almaz Həsənli