Boşanmaq yalnız ailə dağılması deyil, həm də övladların valideyn himayəsindən məhrum böyüməsidir. Bəzən valideynlər aliment verməmək üçün xaricə belə qaçırlar.
Bəs ölkə xaricində yaşayan şəxsdən aliment necə tutulur?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Mircavad Miriyev bildirir ki, bu zaman alimenti alan şəxs müvafiq icra şöbəsinə müraciət etməlidir:
"Aliment ödəməli olan valideyn ölkədən kənara gedərsə, bu zaman xeyrinə aliment kəsilmiş valideyn icra şöbəsinə müraciət edərək, icra məmuruna aliment ödəməli olduğu şəxsin xaricdə olduğu ilə bağlı məlumat verməlidir. İcra məmuru bununla bağlı Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə müraciət ünvanlaya bilər. Həmin idarə tərəfindən icra vərəqəsi müvafiq xarici ölkənin Ədliyyə Nazirliyinə yönləndiriləcəkdir".
Hüquqşünas qeyd edib ki, şəxsin aliment ödənişləri yığılıb qaldıqda isə onun ölkədə olan bank hesablarına yönləndirilə bilər. Əgər şəxsin olduğu yer məlum deyilsə, bu zaman onun barəsində axtarış verilir. Əgər qərəzli şəkildə alimenti ödəməkdən boyun qaçırırsa, bu zaman cinayət işi açılır:
"Əgər valideyn borcları ödəməzsə, icra məmuru tərəfindən məhkəməyə müraciət edilir. Həmin valideyn İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, 1 ay müddətinə qədər inzibati qaydada həbs edilməsi məhkəmə qərarı qəbul edilə bilər. Əgər bu hal təkrar olarsa, Cinayət Məcəlləsinin 306-cı maddəsinə müvafiq olaraq həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər".
Aysel Əkbər
Milli.Az