EN

Seçkilər öncəsi xəbərdarlıq: Azərbaycanlılar ictimai-siyasi həyatda daha fəal olmalıdırlar - ÖZƏL

4 oktyabrda Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlıların namizəd siyahılarında zəif təmsil olunması narazılıq doğurur. Bakı bunu təəssüflə qarşılayır və vəziyyətin ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib: 
" Haqqında danışdığınız məsələ yeni deyil və biz daim Azərbaycan tərəfi olaraq Gürcüstan hökuməti qarşısında, vətəndaş cəmiyyəti qarşısında bu məsələni diqqətə gətiririk və xahiş edirik ki, onlar da bunu diqqətdə saxlasınlar. Bu, balaca məsələ deyil və əslində biz görürük ki, azərbaycanlılara oradakı münasibət bir o qədər də isti deyil. Əksinə, başqa etnik qruplar var ki, onlarla daha yaxından ünsiyyət qururlar, digər tərəfdən götür-qoy edirlər və s. Məsələ buradadır ki, azərbaycanlılarla bağlı onların ən böyük iradı ondadır ki, siz bizim dili yaxşı bilmirsiniz. Dil imtahanları təşkil edirlər, sonra müxtəlif bəhanələrlə, əgər azərbaycanlı nümayəndələrimizin orada bəzi səhvləri olursa, dərhal vətəndaşlığı əllərindən alırlar. Yəni bu, təsadüfi məsələ deyil. Bu məsələ onunla bağlıdır ki, görünür, onlar azərbaycanlıların təbii artım imkanlarını görürlər və bu, onları hətta qorxudur. Biz yaxşı xatırlayırıq ki, məsələn, Saakaşvilinin dövründə azərbaycanlılar bütövlükdə onun hərəkətini, onun partiyasını dəstəkləyirdilər. Amma buna baxmayaraq, biz görürük ki, yerlərdə, xüsusən Kartli bölgəsində, azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilərdə açıq-aşkar diskriminasiya siyasəti aparılırdı. Hətta orada Merabişvili adlı bir daxili işlər naziri var idi. Əslən erməni idi - Merabyan idi, sonradan Merabişvili olmuşdu. Xüsusən azərbaycanlıların yaşadığı bölgələrdə, kəndlərdə, məntəqələrdə dava salırdılar ki, azərbaycanlıları günahkar çıxarsınlar, həm zindana atsınlar, digər tərəfdən də onların malını-mülkünü əllərindən alsınlar. Bunlar həmişə diqqət mərkəzində olub. Amma elə ki, rəsmi danışıqlarda söz verirlər, amma bunun öhdəsindən gəlmirlər, gəlmək də istəmirlər. Ona görə də bu məsələnin həlli yolunda ilk növbədə bizim azərbaycanlılar ictimai-siyasi həyatda fəal olmalıdırlar. Onlar çəkinmədən proseslərə qatılsınlar. Sonra dil məsələsində onların bəhanəsini aradan qaldırsınlar, dili öyrənsinlər. Çünki əgər Gürcüstan vətəndaşlığını  daşıyırlarsa, ilk növbədə dil məsələsinə fikir verməlidirlər. Əgər yerli hökumət, yerli dairələr bu məsələni bilərəkdən şişirdirlərsə, onların o bəhanəsini kəsmək üçün bizimkilər daha çox səy göstərib dili öyrənməlidirlər. Digər tərəfdən isə, dediyim kimi, ermənilər orada çox fəaldırlar. Bir çox ermənilər faktiki olaraq adlarını dəyişiblər, gürcü soyadları götürüblər və azərbaycanlılara qarşı könüllü şəkildə, bilərəkdən təbliğat aparırlar. Sonra da bizim üçün problemlər yaradırlar. Bu, tək deyil axı, orada xeyli sayda adını, soyadını dəyişmiş ermənilər var ki, bizə qarşı sistemli iş aparırlar. Ona görə də bu proseslərdə bizimkilər ilk növbədə bir-biriləri ilə təmas tapsınlar, bir-birlərinə sığınsınlar. Sonra kənd davası, mövqe davası aparmasınlar. Biz bilirik ki, qonşularımız ermənilər necə olur ki, üçüncü yerdə olduqları halda həmişə bir-birilərinə söykənirlər, bir-birinə dəstək tapırlar. Bizimkilər isə bəzi hallarda əksinə, bir-birilərinə ayağından dartıb geri çəkirlər. Ona görə də bu proseslərdə azərbaycanlılar  ilk növbədə vətəndaş həmrəyliyi göstərməlidirlər. Sonra azərbaycançılıq ruhunu gücləndirsinlər. Dərk etsinlər ki, istər-istəməz, siyasi baxımdan əgər sərhədlər çəkilibsə, onlar Gürcüstan tərəfindədirlər və onun vətəndaşlığını daşıyırlarsa, onda lal-dinməz şəkildə iş görsünlər, şüarçılıqla məşğul olmasınlar. Sonra ictimai fikrin liderləri artıq azərbaycanlıların sırasında olsunlar. Onlar insanları səfərbər etsinlər, təşkilatlandırsınlar. Mən demirəm ki, onlar qiyam qaldırsınlar, onlar siyasi cəhətdən müxalifət yaratsınlar. Xeyr. Amma ictimai səviyyədə, vətəndaş cəmiyyəti səviyyəsində onların fəallığı indiki vəziyyətdən daha yüksək olmalıdır. Ona görə hesab edirəm ki, bu məsələni azərbaycanlı rəsmi orqanlarının nümayəndələri də mütləq Gürcüstanın siyasi rəhbərliyinin diqqətinə çatdırmalıdırlar. Çünki yadınızdadırsa, son parlament seçkilərində Gürcüstana həqiqətən də çox böyük dəstək göstərdik. Və hakim partiyanın qələbə qazanmasında da azərbaycanlıların rolu çox böyük və strateji baxımdan vacib oldu.
Odur ki, bizim deməyə də sözümüz var, baxışlarımız da var, qarşımıza qoyacağımız məsələlər də. Onlarla bağlı Gürcüstan siyasi rəhbərliyinə, vətəndaş cəmiyyətinin fəallarına və digər qurumlara deməliyik ki, biz bütün gedən proseslərin mahiyyətini başa düşürük, anlayırıq, duyuruq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources