EN

Gömrük Komitəsindən həmin iddialara – Cavab

Dövlət Gömrük Komitəsi İran vətəndaşının Azərbaycandan Gürcüstana 200 kiloqram heroin keçirməsi ilə bağlı “Hürriyyət” informasiya agentliyində və həmin qurumun sosial media səhifələrində yayılan iddialara cavab verib.

KONKRET.az komitənin Mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada 29 və 30 sentyabr tarixlərində həyata keçirilən yayımlarda Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin ünvanına hər hansı fakta söykənməyən, yalan və böhtan xarakterli iddialara əsaslanan məlumatların yayımlandığı bildirilib.

“Yayımlanan məlumatlarda gömrük orqanlarının qaçaqmalçılıq hallarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətinə “Səriştəsizliq, etinasızlıq, yoxsa göz yummaq?!” ifadələrindən istifadə etməklə kölgə salmağa çalışılır. Eyni zamanda, əməliyyat-istintaq tədbirlərinin xüsusiyyətini bilmədən yarımçıq fikirlərlə gömrük orqanları tərəfindən aşkar edilən qanun pozuntuları, hüquqpozma faktları təhrif olunaraq öz istəklərinə uyğun formada ictimaiyyətə təqdim edilir və beləliklə, DGK-nın bu istiqamətdə fəaliyyəti ilə bağlı yanlış fikir formalaşdırmağa cəhd göstərilir.

Dövlət Gömrük Komitəsi ölkənin iqtisadi təhlükəsizliyinin, insanların sağlamlığının qorunması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində bütün zəruri addımları atır və bu barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır. Azərbaycan gömrük xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə fəaliyyəti beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilib.

Təkcə 2025-ci ilin cari dövrü ərzində gömrük orqanları tərəfindən 26,7 mindən çox hüquqpozma faktı (400-dən çoxu cinayət xarakterli olmaqla) aşkarlanıb. 72 fakt üzrə bir tondan artıq müxtəlif tərkibli narkotik vasitə qanunsuz dövriyyədən götürülüb, gizli keçirilməsinə cəhd göstərilən külli miqdarda dərman vasitələri, aksizli mallar (spirtli içkilər və tütün məmulatları), valyuta və valyuta sərvətləri və digər mallar qanunsuz dövriyyədən götürülüb, bu hüquqpozmaları törədənlər, eləcə də korrupsiya, vəzifə cinayətləri və digər hüquqpozmalara yol vermiş şəxslər müvafiq məsuliyyətə cəlb edilib”, – məlumatda vurğulanıb.

Dövlət Gömrük Komitəsi bildirib ki, qarşı tərəfin mövqeyi öyrənilmədən, tamamilə yalan və böhtan xarakteri daşıyan həmin məlumatları dərc edən media qurumları mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət daşıyır: “Media haqqında” Qanunun 14.1.7 maddəsinə görə, mediada yayımlanan məlumatlarda şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, eyni zamanda həmin qanunun 14.1.9 maddəsinə görə isə mediada böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir.

Həmin qanunun 14.1.11 maddəsinə görə faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Həmçinin qanunun 14.1.11-1 maddəsində saxta məlumatların dərc edilməsinin yolverilməz olduğu öz əksini tapıb.

Yayılan məlumatlar dövlət qurumunun və onun vəzifəli şəxslərinin fəaliyyətinə kölgə salmaq, qaralamaq xarakteri daşıyır və Dövlət Gömrük Komitəsi hüquqi müstəvidə bu hallara qarşı bütün zəruri addımları atacaq”.

 

Chosen
14
4
konkret.az

5Sources