EN

Rusiya xaricdən benzin almağa məcbur qalıb – İlin əvvəlindən qiymət 40 faiz artıb, çıxış yolu isə görünmür

Ukraynanın neft emalı zavodlarına silsilə PUA zərbələrindən sonra ölkəni bürümüş yanacaq böhranı səbəbindən Rusiya hakimiyyəti xaricdən benzin almaq məcburiyyətində qalıb.Ulusal.az  xəbər verir ki, Rusiya mediasında ölkədə yanacaqla bağlı vəziyyətin kritik həddə çatdığı bildirilir.

Artıq dünən Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası benzin, dizel yanacağı, gəmi və təyyarə yanacağı üçün idxal rüsumlarını ləğv edib. Aİİ-yə rüsumsuz idxal 2026-cı il iyunun 30-dək qüvvədə qalacaq. 10 gündən sonra qüvvəyə minəcək bu qərar, AİK-nin ticarət naziri Andrey Slepnevin sözlərinə görə, “istehsal həcmlərinin azalması” ilə əlaqədardır.

Rusiya yanacaq bazarında hazırda aylıq benzin istehlakının 20%-i çatmır. Yəni, lazım olan 2 milyondan 400 min tonu bazarda yoxdur. Ən azı altı zavodun istehsalı tamamilə və ya qismən dayandırması ilə nəticələnən neft emalı zavodlarına pilotsuz təyyarə zərbələrindən sonra, sentyabr ayında benzin istehsalı 1 milyon ton azalıb.

Ən çox tədarük kəsiri olan regionlar sırasında yenə Krım birinci yerdədir. Sentyabrın 29-dan etibarən Krımda benzinin pərakəndə satışına direktiv məhdudiyyətlər qoyulub – hər bir müştəriyə 30 litrdən çox benzin verilmir. Ancaq bunu da almaq üçün uzun növbələrə durmalısan.

İlkin olaraq müstəqil yanacaqdoldurma məntəqələri benzin çatışmazlığından əziyyət çəkib, onların bəziləri tamamilə bağlanıb. Müstəqil Yanacaq İttifaqının prezidenti Pavel Bajenov “İzvestiya”ya bildirib ki, indi vəziyyət hətta iri neft şirkətlərinin yanacaqdoldurma məntəqələrində də pisləşib. Konkret olaraq Kirov, Nijni Novqorod və Kostroma vilayətlərində belə problemlər yaranıb.

Yanacaq bazarında baş verən “yanğını söndürmək” üçün hökumət artıq benzinin ixracına qadağa qoyub və çərşənbə axşamı bu qadağanı 2025-ci ilin sonuna qədər uzadıb, həmçinin, dizel yanacağının da ixracı dayandırılıb.

İyul ayından etibarən Rusiya Belarusdan benzin alışını kəskin şəkildə artırıb ki, bu da illik müqayisədə 36% çoxdur. Bundan başqa, sentyabrda idxal avqust ayı ilə müqayisədə 168%(!) artıb. Bununla belə, bu həcmlər – üç ay ərzində 97 min ton olmaqla, daxili tələbatın 2%-dən də az hissəsini əhatə edir.

“Kommersant”ın mənbələri hesab edir ki, hökumət çox güman ki, neft emalı zavodları üçün ekoloji standartları yumşaldacaq. Ondan ötrü ki, onlar daha çox benzin istehsal etsinlər. Bundan əlavə, Rusiya Belarusa daha çox neft verəcək ki, oradan benizn ala bilsin.

“Reuters”-in hesablamalarına görə, Ukrayna dronları təkcə avqust ayında Rusiya neft sənayesinin emal gücünün 17%-ni itirməsinə səbəb olmuş, neft emalı zavodlarının dayanması nəticəsindəki itki isə rekord həddə – 23% və ya 6,4 milyon tona çatmışdır. Sentyabrda ən azı daha yeddi neft emalı zavodu dron zərbələrinə məruz qalıb: Ryazan, Saratov, Samara, Volqoqrad, İlski, Ufada “Novoil” və Leninqrad vilayətində Kinef.

İlin əvvəlindən benzinin topdansatış qiymətləri 40%-dən çox bahalaşıb. Qeyd edək ki, bu bahalaşma inflyasiya üçün zərərlidir, çünki yanacağın yüksək qiymətləri istər-istəməz kənd təsərrüfatı, nəqliyyat və logistika xərclərini artırır, bu da ərzaq və zəruri malların bahalaşmasına gətirib çıxarır.

Sərt inzibati tədbirlər isə sənayenin fundamental problemlərini həll etmir, yəni inflyasiya təzyiqi yaxın aylarda da davam edəcək.“AzPolitika.info”

Chosen
7
1
moderator.az

2Sources