EN

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA nın nəşrləri haqqında tədbir keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açaraq bu il AMEA-nın 80 illik yubileyinin qeyd olunmasından, bununla bağlı silsilə tədbirlər keçirilməsindən bəhs edib. Yubileylə bağlı 52 adda monoqrafiya, biblioqrafiya və tanıtım kitabının nəşrinin nəzərdə tutulduğunu söyləyən akademik onlardan 30-nun artıq işıq üzü gördüyünü bildirib. Qeyd edib ki, kitabların bir qismi AMEA-nın 15 təsisçisi və ilk akademiklərinin həyat və yaradıcılıq yoluna həsr olunub: “Bu nəşrlər AMEA-nın tarixi yaddaşının qorunub saxlanılması baxımından əhəmiyyət kəsb edir. Eyni zamanda, həmin kitabları AMEA təsisçilərinin “elmi pasportu” adlandırmaq olar”.

Sərgidə görkəmli simaların fəaliyyətinə dair təqdim olunan kitabların arxiv sənədləri əsasında hazırlandığını vurğulayan akademik İsa Həbibbəyli bu nəşrlərin AMEA-nın 80 illiyinə töhfə olmaqla yanaşı, yeni yanaşma və təfəkkür əsasında yazılmış mühüm elmi mənbə rolunu oynadığını qeyd edib.

AMEA rəhbəri, həmçinin son iki ildə akademiyada işıq üzü görmüş kitablar barədə danışıb: “Ulu Öndər Heydər Əliyev, Məhəmməd Füzuli, Nizami Gəncəvi, AMEA-nın təsisçiləri və görkəmli simaları, sabiq prezidentləri və digər görkəmli şəxsiyyətlər haqqında hazırlanmış kitablar, eləcə də Qarabağ, Şanlı Zəfər, Türk dünyası, azərbaycançılıq məfkurəsi, milli mətbuatla bağlı hazırlanmış nəşrlər gələcək nəsillər üçün qiymətli mənbə, o cümlədən AMEA kollektivinin səmərəli elmi fəaliyyətinin, gərgin əməyinin bəhrəsi kimi dəyərləndirilməlidir”.

Alim XI Bakı Beynəlxalq Kitab Sərgisinin müasir dövrün elmi-mədəni müstəvisində texnologiyanın insan həyatına təsiri ilə bağlı geniş müzakirələr üçün mühüm platforma rolunu oynayacağına əminliyini ifadə edib. “Bu sərgi Azərbaycan elminin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini nümayiş etdirərək, AMEA-nın 80 illiyi çərçivəsində elmimiz və mədəniyyətimizin dünyada tanıdılmasına, geniş təbliğinə xidmət edir”, – deyə AMEA-nın prezidenti çıxışını tamamlayıb.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov özünün “Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı” kitabı haqqında məlumat verib.

Tədbirdə Türk Dil Qurumunun rəhbəri professor Osman Mert kitabların insan həyatında əvəzsiz rolundan bəhs edib. Bildirib ki, sərgidə nümayiş olunan kitabların bir qismi Türkiyə ilə ortaq dəyərləri əks etdirir. Xüsusilə “Molla Nəsrəddin” kimi əsərlər türk xalqlarının mədəniyyət tarixi və ortaq milli-mənəvi irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır. Bu nəşrlər həm tariximizə işıq salır, həm də gələcəyə baxış imkanı yaradır.

Daha sonra Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova çıxış edərək sərginin müxtəlif məfkurəyə, missiyaya və peşəyə sahib insanları bir araya gətirərək fikir və ideya mübadiləsi üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, sərgidə təqdim olunan kitabların bir qismi gələcəyə ünvanlanıb və məhz buna görə də həmin nəşrlər mənəvi həyatımıza gələcəyin aydınlığından işıq salır, cəmiyyətin intellektual inkişafına töhfə verir.

Tədbirdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva çıxış ediblər.

Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 7-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
2
azertag.az

3Sources