Hucum iddiası real hərbi hazırlıqdır, yoxsa simvolik təzyiq? Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" İran ilə İsrail arasında müharibə qaçılmazdır. Yəni biz yaxın günlərdə yəqin ki, daha böyük bir toqquşmanın şahidi olacağıq. Çünki faktiki olaraq İran geri addım atmır. Nüvə qarşıdurmasından söhbət gedir. İsrail İranın nüvə dövləti olması ilə, başqa nüvə dövlətləri ilə barışmadığı kimi, barışmaq da istəmir.
Eyni zamanda ABŞ hər nə qədər İranla müharibəyə qarşı çıxsa da, ABŞ da İranın nüvə dövləti olmasını istəmir. ABŞ müəyyən məqamlarda İrana qarşı çıxsa da, digər tərəfdən İranın yenidən nüvə sazişinə tam hüquqlu qayıtmasına da şərait yaratmışdı. Nə qədər buna cəhdlər olsa da, bu istiqamətdə təşkil edilən addımların nəticəsini görmürük.
Belə olan halda bu toqquşma qaçılmaz görünür. Amma düşünürəm ki, İsrail dövləti sırf tarix məsələsinə o qədər də fikir verməyəcək.
Əslində bunun əhəmiyyəti yoxdur - hücum 7-si də ola bilər, 8-i də,9-u da. Ancaq görünür ki, İrana qarşı bir hücum olacaq, belə bir hazırlıq var. Və bundan əvvəl dünya ictimaiyyətinə verilən bəyanatlar, eyni vaxtda ondan çox Qərb dövlətinin nümayəndələrinin çıxışları göstərir ki, faktiki olaraq İrana qarşı artıq təzyiqləri artırıblar. Nəticə etibarilə, İrana açıq şəkildə bəlli etmək istəyirlər ki, onun nüvə dövləti olmasına icazə verilməyəcək. Amma görünən odur ki, istənilən halda bu, sırf İsrailin planı olmayacaq. İrana qarşı belə bir əməliyyat olacaqsa, böyük ehtimalla bu, ABŞ-ın məlumatı daxilində və ABŞ ordusunun iştirakı ilə həyata keçiriləcək. Çünki nəzərə alsaq ki, hələ də ABŞ-ın aviadaşıyıcıları İsrail sahillərindədir, ABŞ-ın bombardmançı təyyarələri Hind okeanındakı adalarda yerləşdirilib, onda böyük ehtimalla biz yaxın günlərdə daha bir toqquşmanın şahidi ola bilərik".