EN

Saxta orden və medallara görə saxlanılan QHT sədri səfirliyin tədbirində göründü — FOTOLAR

Qanunsuz fəaliyyətlə məşğul olduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilən “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov bu gün axşam Ukraynanın Azərbaycandakı səfirliyinin Bakıda təşkil etdiyi rəsmi qəbulda görünüb.

KONKRET.az verir ki, tədbirdə Eldar İsmayılov Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Eldar İsmayılov Demokrat.az-a açıqlamaaında cinayət məsuliyyətinə cəlb edilməsi barədə yayılan xəbərlərə də münasibət bildirib:

“Bəli, 2 gün öncə məni polisə dəvət edib, izahatımı alıblar. Ancaq həbsimlə bağlı məsələləri ilk dəfə sizdən eşidirəm”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələri hazırlayıb satan şəxslərin müəyyən olunması ilə bağlı məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Chosen
11
2
konkret.az

4Sources