EN

Milli Şəhərsalma Forumunun builki mövzusu iqlimədavamlı şəhərlər olacaq - AÇIQLAMA  

Bu il Azərbaycanda Üçüncü Milli Şəhərsalma Forumu təşkil olunacaq. Bir neçə il əvvəl Azərbaycanın BMT-nin müvafiq ixtisaslaşmış agentliyi – UN-Habitat ilə birgə irəli sürdüyü təşəbbüs əsasında yaradılan platforma artıq ənənə halını alıb. Forum hökumət, özəl sektor, qeyri-hökumət təşkilatları, elmi dairələr, memarlar və mütəxəssislərin bir araya gələrək aktual şəhərsalma mövzularını müzakirə etməsi və həll yolları təqdim etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. “Ənənəvi olaraq forumun ilk iki toplantısı Ağdam və Zəngilanda keçirilib. Bu il isə tədbir həm Bakıda, həm də Xankəndidə baş tutacaq. Mövzular sırasında iqlim dəyişiklikləri, iqlim gündəliyi ilə şəhərsalma gündəliyinin vəhdəti xüsusi yer tutur”, - deyə Anar Quliyev əlavə edib.

O bildirib ki, şəhərlər bəzən iqlimə mənfi təsir göstərsə də, eyni zamanda, problemin həllində mühüm rol oynayan məkandır. Bu səbəbdən Milli Şəhərsalma Forumunun builki mövzusu da iqlimədavamlı şəhərlər olacaq və regional əməkdaşlığı özündə əks etdirəcək.

Azərbaycan gələn il Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu, ölkəmiz üçün həm böyük məsuliyyət, həm də məntiqi növbəti addımdır. Çünki artıq bir neçə ildir ölkə rəhbərliyinin təşəbbüsü ilə nümunəvi şəhərsalma layihələri həyata keçirilir, regional və qlobal əməkdaşlığa töhfə verilir.

A.Quliyev vurğulayıb ki, gələn il keçirilməsi planlaşdırılan Dünya Şəhərsalma Forumunun əsas mövzusu “Hamı üçün ləyaqətli yaşayış şəraiti” olacaq. Hazırda dünyada 3 milyarda yaxın insanın mənzil şəraiti ilə bağlı ciddi problemləri mövcuddur. Bu baxımdan, forumda yaşıl tikinti və iqlimə təsirlərin minimuma endirilməsi xüsusi diqqət mərkəzində olacaq.

Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan çərçivəsində də ekoloji amillər nəzərə alınıb. “Baş Planın əsas məqsədi şəhərin zonalaşdırılması, tarixi-mədəni və memarlıq irsinin qorunması, eləcə də müasir iqtisadi inkişafın təmin edilməsidir. Tikinti sahəsində beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq aparılır, sudan səmərəli istifadə və infrastruktur layihələrinin düzgün planlaşdırılması prioritet istiqamətlərdəndir. Forum çərçivəsində, həmçinin “yaşıl tikinti” mövzusu xüsusi yer tutacaq və gələcək şəhərsalma strategiyalarının əsas elementlərindən biri olacaq”, - deyə Anar Quliyev əlavə edib.

Chosen
33
1
azerbaijan-news.az

2Sources