EN

"Matarellanın səfəri zamanı aparılan müzakirələr yeni perspektivlər açır”- Nigar Məmmədova

Azərbaycan-İtaliya münasibətləri hər zaman inkişaf dinamikası ilə fərqlənib. Dövlət başçılarının qarşılıqlı səfəri bu əməkdaşlığı daha da dərinləşdirir. Bu ölkənin Prezidenti Sercio Matarellanın səfəri zamanı aparılan müzakirələr də qarşıdakı dövr üçün yeni perspektivlər açır. Bakı və Roma münasibətlərin strateji önəmini artıran addımlar atır. Bu vaxta qədər ölkələrimiz arasında mövcud olan 2 strateji tərəfdaşlıq sənədi çoxvektorlu əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradıb. Cənab Prezidentin də söylədiyi kimi, “bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir”. İtaliya həm də Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Xüsusilə enerji sahəsində işbirliyi ikitərəfli münasibətlərin miqyasını genişləndirib. Xüsusilə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP-ın reallaşması məhz Azərbaycan və İtaliya liderlərinin iradəsi sayəsində mümkün oldu. Belə ki, dövlət başçıları o zaman yaradılmış süni maneələri birlikdə dəf etməyi bacardılar. Təsadüfi deyil ki, prezidentlər Bakıda aparılan müzakirələrdə bu məqamı xüsusi qeyd etdilər. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya 41,7 milyard kubmetrdən çox mavi yanacaq tədarük olunub. 2024-cü ildə isə TAP İtaliyanın qaz idxalının 16 %-dən çoxunu təşkil edib.

Cənab Prezidentin bəyan etdiyi kimi, “Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.”

İtaliya həm də Avropa İttifaqının üzvü kimi Azərbaycanla münasibətləri dərinləşdirir. Belə ki, Cənub Qaz Dəhlizinin davamı olaraq Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyir. Həm elektrik enerjisi, həm də Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana, sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaradır.

Yeri gəlmişkən, İtaliya istər Ermənistanın işğalı dövründə, istərsə də postmünaqişə dövründə ədalətli mövqedən çıxış edib. Təsadüfi deyil ki, bu gün işğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətləri xüsusi fəallığı ilə seçilir. Bu əməkdaşlıq ikitərəfli kontekstlə yanaşı Avropa enerji bazarının sabitliyi üçün də əhəmiyyətlidir. Məlum olduğu kimi İtalya şirkətləri Azərbaycanda enerji və infrastruktur layihələrində də fəal iştirak edir.

S.Matarellanın səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin açılış mərasiminin baş tutmasının isə rəmzi mənası var. Belə ki, dövlət başçımız da qeyd etdi ki, “Prezident Mattarellanın rəsmi səfər proqramına bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm də Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir”. Ölkələrimizin təhsil sahəsində də uğurlu təcrübə mübadiləsi strateji önəm kəsb edən məsələ - insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Nigar Məmmədova

Chosen
18
news365.az

1Sources