EN

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Builki tədris ilində də Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan və əsaslı təmir edilən məktəb və məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib. SİA xəbər verir ki, həmin layihələrdən biri Xətai rayonundakı 1384 yerlik məktəbdir.

Tahir Bağırov adına 59 saylı tam orta məktəbin binası 1936-cı ildə inşa olunub. 89 il əvvəl tikilən bina artıq köhnəldiyindən və istifadəyə tam yararsız olduğundan yeni binanın inşasına zərurət yaranmışdı.

Heydər Əliyev Fondu tərəfindən 2024-cü ildən məktəbin əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib.

Məktəbin 4 mərtəbəli korpusu 1036 yerlikdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, müasir STEAM mərkəzi, hərbi təlim, tibb, müəllimlər, texnologiya otaqları, kitabxana, yeməkxana, akt, idman, gimnastika zalları, açıq mini stadion və idman meydançası qurulub.

2 mərtəbəli korpus isə 348 yerlikdir. Bu ibtidai korpus binasında 20 sinif, informatika və digər otaqlar, yeməkxana, idman zalı var. Məktəb, həmçinin zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Ərazidə yeni açıq idman meydançaları inşa olunub, binada yanğından təhlükəsizlik sistemləri qurulub.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Şəhidlər abidəsi yenidən qurulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova jurnalistlərə açıqlamasında bildirib ki, məktəb tədrisə yararsız olduğundan ötən il bağlanmışdı və təmir işlərinə başlanılmışdı. Məktəbin şagird-müəllim heyəti qonşu məktəblərə köçürülmüşdü: “Məktəb çox kiçik və təmirsiz idi, kontingentini isə 1500-ə yaxın şagird təşkil edirdi. Hazırda ikikorpuslu məktəb istifadəyə verilib. Bir korpus yuxarı siniflər, ikincisi isə ibtidai siniflər üçün nəzərdə tutulub. Bu gün məktəb tam istifadə üçün təhvil verilib”.

Chosen
14
14
sia.az

10Sources