EN

Biləsuvarda Günəş enerjisi layihəsi üzrə yeni mərhələyə start verilib - 943 mindən çox panel quraşdırılacaq

445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında (GES) ilk günəş panelinin quraşdırılması mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən Günəş panelləri mərhələli şəkildə əraziyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “AzərEnerji” ASC-nin İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov, “Masdar” şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev və digər nümayəndələr iştirak edərək, layihənin enerji keçidində və ətraf mühitin qorunmasında əhəmiyyətini vurğulayıblar. Çıxışlarda bildirilib ki, Azərbaycanın bərpaolunan enerji hədəflərinə uyğun olaraq həyata keçirilən Biləsuvar GES həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regionun ən böyük Günəş enerji layihələrindən olacaq.

Mərasimdə iştirak edən rəsmi şəxslər və qonaqlar simvolik olaraq Günəş panellərini imzalayıb və ilk panelin quraşdırılmasında iştirak ediblər.

Chosen
9
9
ekologiya.az

10Sources