EN

Prezidentin Kopenhagen səfəri: Azərbaycanın Avropa Siyasi Birliyinə töhfələri - ÖZƏL

"Azərbaycanın Avropa Siyasi Birliyində iştirakı xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Xüsusilə Vətən müharibəsindən sonra bu istiqamətin reallaşması Azərbaycanın beynəlxalq əlaqələrinin daha da dərinləşməsində mühüm rol oynayır. Avropa Siyasi Birliyi hələ formalaşma mərhələsindədir və Azərbaycanın bu prosesdə ilk gündən iştirak etməsi böyük əhəmiyyət kəsb edir. Prezidentin Danimarka səfəri də məhz Avropa Siyasi Birliyinin inteqrasiyasının gücləndirilməsi və formalaşması istiqamətində atılan mühüm addımlardan biridir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"İndiyə qədər keçirilən 7 zirvənin 5-də Azərbaycan fəal iştirak edib, 2-də isə prinsipial səbəblərə görə iştirak etməyib. Lakin iştirak etdiyimiz zirvələrdə ölkəmiz həm Avropa Siyasi Birliyinin prioritetlərinin müəyyənləşdirilməsi, həm də onların həyata keçirilməsi istiqamətində səmərəli mövqeyini nümayiş etdirib. Bundan əlavə, Azərbaycan bu sammitlər çərçivəsində öz milli maraqlarını da təqdim edib.

Xüsusilə qeyd edilməlidir ki, Avropa Siyasi Birliyinin ilk sammitində Azərbaycanın tarixi nailiyyəti təsdiqlənib: Praqada keçirilən görüş zamanı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il Almata Bəyannaməsi əsasında tanıyıb. Bu, həm sülh prosesi baxımından böyük nailiyyət idi, həm də Azərbaycanın beynəlxalq çoxşaxəli platformalarda milli maraqlarını irəli sürməsində mühüm nəticə oldu.

Bu gün Avropa Siyasi Birliyi Avropa İttifaqının üzvü olmayan ölkələrin də fəal iştirakı ilə təhlükəsizlik təhdidlərinin müəyyənləşdirilməsi, enerji əməkdaşlığının gücləndirilməsi və inteqrasiyanın dərinləşdirilməsi üçün yeni imkanlar açır. Azərbaycan bu işdə fəal iştirak edir və Prezidentin Kopenhagen səfəri çərçivəsində keçirilən ikitərəfli görüşlər, çıxışlar və açılış mərasimlərində iştirakı ölkəmizin bu siyasi birliyin formalaşmasına bundan sonra da töhfə verəcəyini göstərir.

Xüsusilə İtaliyanın Baş naziri, Ukrayna Prezidenti, Avropa Komissiyasının rəhbər şəxsləri, o cümlədən Ursula fon der Lyayenlə görüşlər Azərbaycanın beynəlxalq nüfuzunu və tərəfdaş ölkələrin maraqlarını ifadə edir. Bu görüşlər həm də həmin dövlətlərin Azərbaycanın imkanlarına verdiyi yüksək dəyərin göstəricisidir.

Nəticə etibarilə, Azərbaycanın bu kimi çoxtərəfli platformalarda iştirakı olduqca əhəmiyyətlidir. Bununla biz həm dünyada səmərəli əməkdaşlığın inkişafına töhfə veririk, həm də milli prioritetlərimizin beynəlxalq miqyasda tanıdılması üçün yeni imkanlar əldə edirik."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources