EN

Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...

Dünya siyasətinin gündəmində olan “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı liderləri bir arada görməyimizlə yanaşı, digər maraqlı detallarla da yadda qalıb.

Ölkə.Az "qafqazinfo"ya istinadla xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksenin dövlət və hökumət başçılarını qarşıladığı məkanda günəbəxan tarlası fonu yer alıb.

Eyni zamanda hər bir tədbir iştirakçısının masasının üzərinə də Danimarkanın dünyaca məşhur şirkəti “Lego Group”a məxsus günəbaxan leqosu qoyulub. Bu, tədbirə ev sahibliyi edən ölkənin qonaqlara simvolik jesti kimi qiymətləndirilə bilər.

Bu məqamda sual ortaya çıxır: niyə məhz günəbaxan? Bu toplantının günəbaxan detalları fonunda keçirilməsi hansı rəmzi mənanı daşıyır?

Əvvəlcə onu qeyd edək ki, toplantının əsasını Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular təşkil edir.

Əsas mövzulardan birinin Rusiya-Ukrayna olduğuna nəzər yetirsək, Aİ Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən Ukraynaya dəstəyini açıq şəkildə ifadə edir. Belə olduğu zaman görürük ki, tədbirdə günəbaxan simvollarının yer alması heç də təsadüfü deyil...

Günəbaxan Ukraynanın əsas simvollarından biridir. O, ölkənin milli gülü, dünyanın sülh və dözümlülük simvoludur. Bu güllər hələ XIX əsrdə Şimali Amerikadan Ukraynaya gətirilib və Ukrayna iqtisadiyyatının dayağı hesab olunur.

Günəbaxanlar Ukrayna xalqı üçün həm də ümid və yenilənmə rəmzidir. Tarixə nəzər salsaq, köklərin Çernobıl faciəsinə gedib çıxdığını daha yaxşı görərik. 1994-cü ildə bir qrup amerikalı tədqiqatçı təcrid zonasına gəlib və həmin ərazidə eksperiment aparıblar. Onlar müəyyən bir əraziyə günəbəxan toxumları əkiblər və həmin sahədə möcüzəvi bir şey aşkar ediblər. Həmin güllər torpaqdan radioaktiv maddələrin 95%-ni çıxara bilib. Daha sonra 1996-cı ildə Ukrayna, Rusiya və ABŞ müdafiə nazirləri nüvə silahlarının ləğvi və sülh naminə Pervomaysk raket bazasında birlikdə günəbaxanlar əkiblər.

Elə həmin gündən bu günə kimi sözügedən gül ukraynalılara həmrəylik göstərilməsinin əsas üsullarından birinə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra da bunun şahidi oluruq...

Hətta müharibə başlayandan sonra Ukraynanın Henyçesk şəhərində bir qadın rus əsgərlərə günəbaxan toxumları verərək deyib: “Bu toxumları cibinizə qoyun ki, öldüyünüz yerdə günəbaxanlar çıxsın”.

Bundan başqa, müharibə başlayandan sonra ABŞ-nin keçmiş Prezidenti Co Baydenin xanımı Cil Bayden Ukraynaya dəstək məqsədilə günəbaxan detalı ilə bəzənmiş don geyinib və maska taxıb.

Hətta Londonda Ukraynanı dəstəkləyən bir qrup şəxs Britaniyadakı Rusiya Səfirliyinin qarşısına müharibə başlayan gündən günəbaxan çiçəkləri düzürlər.

Ukrayna hər dəfə xalqın sınandığı faciələrlə üzləşsə də, günəbaxanların sülh simvolu kimi mənası nəinki həmin ölkədə, hətta dünyada belə dəyişməyib.

 

 

Chosen
20
6
olke.az

7Sources