ABŞ prezidentinin Qəzza planı İsrailin təhlükəsizliyinə xidmət edir və Fələstin suverenliyini təmin etmir
ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin sentyabrında açıqladığı 20 maddəlik Qəzza "sülh planı" bölgədəki münaqişəni ABŞ və İsrailin maraqlarına uyğun olaraq dayandırmaq və eyni mövqedən bölgənin gələcək idarəetmə strukturunu müəyyənləşdirmək məqsədi güdür. Bu plan, sözsüz ki, həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun dəstəyi ilə təqdim olunub, lakin HƏMAS tərəfindən qəbul edilməyib.
Trampın 20 maddəlik Qəzza sülh planının əsas məqamları aşağıdakı kimidir:
1. Atəşkəs və müharibənin dərhal dayandırılması: əgər hər iki tərəf razılaşarsa, müharibə dərhal dayandırılacaq, İsrail qoşunları müəyyən edilmiş xəttə çəkiləcək və hərbi əməliyyatlar dayandırılacaq.
2. Girovların azad edilməsi: İsrailin planı qəbul etməsindən sonra 72 saat ərzində bütün girovlar, həm sağ, həm də ölü, geri qaytarılacaq.
3. HƏMAS-ın tərksilahı və silahların təhvil verilməsi: HƏMAS-ın silahlarını təhvil verməsi və tərksilah olması tələb olunur. Silahlarını təhvil verən üzvlərə amnistiya və Qəzzadan çıxışlarına icazə veriləcək.
4. Qəzzanın idarə olunması: Qəzza fələstinli və beynəlxalq mütəxəssislərdən ibarət texnokrat keçid komitəsi tərəfindən idarə olunacaq. Bu komitəyə "Sülh Şurası" nəzarət edəcək və Tramp özü bu şuranın sədri olacaq.
5. İsrailin suverenliyi: Tramp İsrailin İordan çayının qərb sahili, Qolan təpələri və Qüds üzərindəki suverenliyini tanıyır.
6. İsrailin Qəzzanı ilhaq etməməsi: İsrailin Qəzzanı ilhaq etməməsi və fələstinlilərin zorla Qəzzanı tərk etməməsi təmin ediləcək.
7. Humanitar yardım və beynəlxalq dəstək: Qəzzaya dərhal humanitar yardım göndəriləcək və bu yardım Birləşmiş Millətlər Təşkilatı və Qızıl Aypara vasitəsilə çatdırılacaq.
8. Beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsi: Qəzzaya ABŞ, ərəb dövlətləri və beynəlxalq tərəfdaşlardan ibarət beynəlxalq sabitlik qüvvələri yerləşdiriləcək.
HƏMAS-ın mövqeyi:
HƏMAS Trampın sülh planını qəbul etmədiyini açıqlayıb. Təşkilatın nümayəndəsi planın İsrailin maraqlarına xidmət etdiyini və Fələstin xalqının mənafeyini nəzərə almadığını bildirib. HƏMAS silahı yerə qoymaqdan və təslim olmaqdan imtina etdiyini vurğulayıb.
İsrailin mövqeyi:
İsrail Baş naziri Benyamin Netanyahu Trampın planını dəstəklədiyini və bu planın İsrailin müharibə məqsədlərinə uyğun olduğunu bildirib. Netanyahu planın sayəsində bütün girovların İsrailə qaytarılacağını, HƏMAS-ın hərbi imkanlarının aradan qalxacağını və Qəzzanın bir daha İsrailə təhdid yaratmayacağını qeyd edib.
Trampın 20 maddəlik Qəzza sülh planı müharibənin dayandırılması, girovların azad edilməsi və Qəzzanın gələcək idarəetmə strukturunun müəyyənləşdirilməsi məsələlərini əhatə edir. Lakin HƏMAS təbii ki, planı qəbul etmur və bu da Trampın birtərəfli "sülh planı"nın həyata vəsiqəsinə xitam verir.
Göründüyü kimi, Trampın təklif etdiyi 20 maddəlik Qəzza "sülh planı"nda Fələstin dövləti ilə bağlı konkret və məqsədyönlü fikir yoxdur.
"Sülh planı"nda belə bir məqam var ki, Qəzza bərpa ediləndən, Fələstin adminstrasiyası islahatları uğurla başa çatdırandan sonra Fələstin xalqının dövlətçılik quruluşuna doğru yolu açılacaq. Qəzzanı İsrail elə darmadağın edib ki, onun bərpası belə tezliklə başa gəlməyəcək, buna onilliklər lazımdır. İkincisi, Fələstin administrasiyasının islahatları uğurla aparmasını kim müəyyən edəcək? Yəni yenə də Fələstin dövlətinin qurulması üçün çox mücərrəd şərtlər qoyulub. Belə olan halda Fələstin dövlətinin qurulmasının uğur şansı nə qədərdir? Bu "sülh planı" ümumiyyətlə müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tuturmu? Bu "sülh planı"nın ərəb dünyası və fələstinlilər tərəfindən dəstəklənməsi şansı varmı?!
Baki-xeber.com nəşrinə görə, Trampın 2025-ci ilin sentyabrında açıqladığı 20 maddəlik Qəzza “sülh planı”nda müstəqil Fələstin dövləti barədə konkret bir maddə yoxdur. Planın əsas fokus nöqtəsi İsrailin təhlükəsizliyinin təmin edilməsi, HƏMAS-ın tərksilahı və Qəzzanın ABŞ-İsrail mərkəzli beynəlxalq texnokrat nəzarəti altında idarə olunmasıdır. Fələstin dövlətinin qurulmasına dair mövqe isə olduqca şərti və mücərrəddir: yalnız Qəzza bərpa olunduqdan, fələstinli administrasiya islahatları “uğurla” tamamladıqdan sonra, nəzəri olaraq, Fələstin xalqının dövlətçilik quruluşuna yolu açılacaq.
Burada bir neçə vacib məqam var. Qəzzanın bərpası uzun müddət tələb edir. Planda Qəzzanın İsrailin bombardmanından sonra tamamilə dağıdıldığı nəzərə alınır. Bərpa prosesi onilliklər çəkə bilər, yəni Fələstin xalqı üçün faktiki olaraq dərhal dövlətçilik imkanı yoxdur.
Eyni zamanda, islahatların kimin tərəfindən qiymətləndiriləcəyi qeyri-müəyyəndir. “İslahatlar uğurla tamamlandıqdan sonra” ifadəsi planın həyata keçirilməsini faktiki olaraq ABŞ və İsrailin nəzarətinə buraxır. Bu, Fələstin liderliyi üçün ciddi asılılıq yaradır.
Digər tərəfdən, müstəqil Fələstin dövləti ehtimalı çox aşağıdır. Planın strukturundan aydın olur ki, müstəqil və suveren Fələstin dövlətinin qurulması real məqsəd deyil, daha çox İsrailin maraqlarına uyğun “təhlükəsiz və idarə olunan” ərazi yaratmaq nəzərdə tutulub.
Ərəb dünyası və fələstinlilər tərəfindən dəstəklənmə ehtimalı baxımından artıq ortada nəticə var - HƏMAS planı rədd edib. Planın əsas hədəfi Fələstin xalqının maraqlarını qorumaq deyil, məqsəd ABŞ-İsrail maraqlarına uyğun olaraq Qəzzanı idarə etməkdir. Bu baxımdan "sülh planın"a ərəb dövlətlərinin və fələstinlilərin ciddi dəstək verməsi praktik olaraq mümkün görünmür.
Yəni Trampın 20 maddəlik Qəzza planı faktiki olaraq müstəqil Fələstin dövləti qurmaq məqsədini daşımır. Planın qəbul edilməsi üçün HƏMAS və fələstinlilər tərəfindən real dəstək, demək olar ki, yoxdur. Ərəb dünyası üçün də bu plan çox mənfi qəbul ediləcək, çünki plan əsasən İsrailin təhlükəsizliyinə xidmət edir və Fələstinin suverenliyini müstəqil şəkildə təmin etmir.
Akif NƏSİRLİ